CƏNUB MARŞRUTU: BAKI - SALYAN - BİLƏSUVAR - CƏLİLABAD - MASALLI - LƏNKƏRAN - LERİK - ASTARA
SALYAN
Rayonun əhalisinin sayı 115.600 nəfər, rayon mərkəzi - SALYAN ŞƏHƏRİ, onun əhalisinin sayı 36.100 nəfərdir. SALYAN RAYONU Azərbaycanın cənub-şərqində, bənzərsiz mədəni-tarixi ənənələri, unikal bitki aləmi ilə seçilən, uzun ömürlü sakinləri, balıq xörəklərinin üstünlük təşkil etdiyi özünəməxsus mətbəxti ilə ad çıxarmış ən qədim dövrlərdən məskunlaşmış LƏNKƏRAN-ASTARA regionunda yerləşir.
Salyan rayonu müəyyən mənada bu regionun qapısıdır - respublikanın nəqliyyat arteryaları, Azərbaycanı onun cənub regionları ilə, eləcə də Yaxın Şərq ölkələri ilə əlaqələndirən şosse və dəmir yolları bu ərazidə yerləşir.
Çox qədim vaxtlarda burada müxtəlif tayfalar məskən salmış, tarixin keşməşeşlərində onlar bir-birini əvəz etmiş və Azərbaycan xalqının etnogenezinin komponentlərindən birinə çevrilmişlər. Bu qəbilələrdən biri "sal" adlanırdı. Salyan şəhəri də öz adını bu sözdən almışdır.
Respublikanın əsas çaylarından biri - KÜR çayı Salyan rayonunun ərazisindən axır. Rayonun şərq hissəsi isə Xəzər dənizinin sahillərinə qovuşur. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxtinin xüsusiyyətlərini şərtləndirmişdir.
"ŞİRVAN" MİLLİ DÖVLƏT PARKI burada yerləşir (2003-cü ildə eyni adlı qoruq yenidən təşkil edilərək milli parka çevrilmişdir). Qoruq özü 1969-cu ildə Şirvan ovalığının (yarımsəhra və sulu-bataqlıq ekosistemi ilə seçilən ərazinin) səciyyəvi bitki kompleksinin qorunub saxlanması və çoxaldılması məqsədilə təşkil edilmişdir. Burada yerləşən "BƏNDOVAN" yasaqlığı 1961-ci ildə salınmışdır. 30 min hektar sahəyə malik olan bu yasaqlıq iki inzibati rayonun - Salyan və Qaradağ rayonlarının ərazilərinin bir hissəsini tutur. Yasaqlıq ceyranların və su quşlarının mühafizəsi və baş sayının bərpa edilməsi məqsədilə təşkil edilmişdir.
Bu diyar arxeologiya və salamat qalmış tarix-memarlıq abidələri baxımından da maraq doğurur. XX əsrin 70-80-ci illərində burada orta əsrlər dövrünə aid edilən bir sıra obyektlər aşkar olunmuşdur.
Vaxtilə buradakı şəhər yerləri inkişaf etmiş ticarət və sənətkarlıq mərkəzləri olmuşdur. Buradan çoxsaylı keramika, şüşə və daş məmulatlarının tapılması bu fikri təsdiq edir. sonradan Xəzər dənizində suyun səviyyəsinin artması ilə əlaqədar həmin məskənlər su altında qalmışdır. "Xəzər Atlantidası" deyilən bu ərazinin elmi cəhətdən öyrənilməsi üçün V.Kvaçidzenen rəhbərliyi ilə stasionar sualtı arxeologiya ekspedisiyası yaradılmışdır. Həmin ekspedisiyanın əldə etdiyi tapıntılarla indi Bakıdakı Azərbaycan Tarixi Muzeyində tanış olmaq mümkündür.
Bu rayonda tunc dövründən başlamış erkən orta əsrlərədək zaman kəsiyini əhatə edən bir sıra arxeoloji obyektlər də var. Onların arasında MARIMLI nekropolu, KÜRSƏNGİ kəndində küp qəbrləri nekropolu, indiki NOXUDLU və MAHMUDABAD kəndlərində qədim insan məskənlərinin xarabalıqları xüsusi qeyd edilməlidir.
Rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çoxsaylı palçıq vulkanlarından biri BABAZANAN vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xassəsi yerli sakinləri hələ də cəlb edir.
Salyana çatmağa az qalmış DAŞGİL adlanan ərazidə dəniz sahilinin yaxınlığında daha bir palçıq vulkanı nəzərə çarpır. Daşgil yasaqlığı da burada yerləşir. O, su quşları ovlamaq, kütüm, sazan və Xəzər dənizəndə yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.
Salyan rayonunun inzibati mərkəzi olan SALYAN ŞƏHƏRİNİN Bakıdan məsafəsi 126 km-dir. Budara XIX əsrə aid edilən qədim məscid dövlət tərəfindən mühafizə edilən memarlıq abidəsidir. Hazırda buraya gələn səyahətçilər və turistlər müasir KARVANSARANIN xidmətlərindən istifadə edə bilərlər. Burada yerli qədim Azərbaycan mətbəxtinin xörəklərini dadmaq mümkündür.
Salyan rayonuna gələnlər Bakı-Salyan yolunun üstündə, Salyana çatmağa az qalmış, dəniz sahilinin yaxınlığında yerləşən "KALİFORNİYA" motelində də qala bilərlər.
Salyanın özündə nahar etmək üçün "TƏNDİRXANA" restoranına və ya açıq havada fəaliyyət göstərən çoxsaylı kafelərdən birinə gedə bilərsiniz.
BİLƏSUVAR
Rayonun əhalisinin sayı 78.900 nəfər, rayon mərkəzi - Biləsuvar şəhəri, onun əhalisinin sayı 18.000 nəfərdir. BİLƏSUVAR rayonu qərbdən İranla həmsərhəddir. Buranın iqlimi yarımsəhra və quru səhra iqlimi olub yayı quraqlıq keçir. İqlim şəraitinin xüsusiyyətləri burada pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişaf yaratmışdır. Bir fərziyyəyə görə bu rayonun adı su axtarışı ilə bağlıdır - "Biləsuvar" sözünün mənası "burada su var" deməkdir. Başqa bir versiya isə ondan ibarətdir ki, bu ad səhrada su tapmağı bacaran insanların olması ilə bağlıdır. Bu versiyaya görə "Biləsuvar" - suyun harada olmasını bilən insan deməkdir.
Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. ÇÖL AĞDAM, İÇƏRİ AĞDAM, TORAĞAYLI kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir.
BİLƏSUVAR kiçik şəhərdir. O, Bakıdan 182 km məsafədə yerləşdir. Buraya gələnlər mehmaxanada və ya qonaq evində qala bilərlər. Nahar etmək üçün kababxanalardan birinə və ya "ZİRVƏ" klubuna müraciət edə bilərsiniz.
CƏLİLABAD
Rayonun əhalisinin sayı 177.700 nəfər, rayon mərkəzi Cəlilabad şəhəri, onun əhalisinin sayı 35.700 nəfərdir. CƏLİLABAD RAYONU Kür-Araz ovalığının sərhəddində yerləşdir. Burada iqlim zonaları yağıntıların demək olar ki, müntəzəm paylandığı mülayim isti iqlimdən başlamış, yayın quraqlıq keçməsi ilə səciyyəvi olan yarımsəhra və quru çöl iqliminə qədər dəyişir. İNCƏÇAY, BULQARÇAY, MİŞARÇAY, GÖYTƏPƏÇAY çayları bu rayonun ərazisindən axır. Bu bölgədə üzümçülüyün intensiv inkişaf etmiş rayonun iqlim və relyef xüsusiyyətləri ilə bağlıdır. Əvvəllər bu vilayət bütövlükdə keçmiş SSRİ üçün müxtəlif növ dənli bitkilərin əsas tədarükçüsü idi. İndi həmin ənənələrin dirçəldilməsi istiqamətində fəal iş aparılır.
Cəlilabad rayonunun ərazisi ov üçün əla yerdir. Təqribən 14,7 min hektar sahə meşələrlə örtülüdür. "ZƏVVAR" ovçuluq təsərrüfatında su quşları ovlamaq olar. Rayonun faunası canavar, dovşan, porsuq, qaban, tülkü, vəhşi ördək, qaz, qartal, turac və digər canlılarla təmsil edilmişdir.
Cəlilabad rayonunun inzibati mərkəzi - CƏLİLABAD ŞƏHƏRİ Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında HƏMŞƏHRƏTƏPƏ adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştilik dövründə ari tayfalarından biri - məşhur maqlar tayfası məhz burada yaşamışdır. MAQLAR qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Bu insanlar o qədər bacarıqlı idilər ki, zaman keçdikcə həmin qəbilənin adı xüsusi isimə çevrilərək "Magiya" şəklinə düşmüşdür. HƏMŞƏHRƏTƏPƏ şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görə müqədəs içki sayılan XAOMA hazırlamaq üçün vasitələr tapılmışdır.
Rayon ərazisində çoxsaylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamış erkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.
Şəhər lap əvvəldə XASILI adlanırdı. Sonradan onun adı dəyişdirilərək ASTRAXANBAZAR kimi işlədilməyə başladı. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan "MOLLA NƏSRƏDDİN" jurnalının banisi və əvəzsiz baş redaktoru CƏLİL MƏMMƏDQULUZADƏNİN şərəfinə verilmişdir.
Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park, mehmanxana və motel vardır. Şəhərdə nahar etmək istəyənlər çoxsaylı kiçik restoran-kababxanalara, yaxud "YURD" restoranına gedə bilərlər.
MASALLI
Rayonun əhalisinin sayı 180.300 nəfər, rayon mərkəzi - MASALLI ŞƏHƏRİ, onun əhalisinin sayı 9.400 nəfərdir. MASALLI RAYONU bu regionun əsas nəqliyyat arteriyası - Azərbaycan paytaxtından cənuba, İrana doğru gedən magistral yolun üzərində yerləşir. Rayonun sərhədlərindən biri Xəzər dənizi sahilləri digəri Talış dağlarıdır. Ərazinin relyefinin müxtəlifliyi - dağlar və düzənliklər (Lənkəran ovalığı), burada iqlimin də xeyli dəyişkən olmasını şərtləndirir. Beləki rayonun iqlimi yayda quraqlıq, mülayim isti havalarla, həmçinin subtropik iqlimə xas olan cizgilərlə əlamətdardır. Rayon ərazisindən axan VİLƏŞ, ALVADIÇAY və TATYAN çayları Xəzər dənizinə tökülür.
Masallı rayonu mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, buz kimi soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində İSTİSU mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir. Buraya müalicə olunmağa gələnlər də var, elə-belə istirahat etməyə gələnlər də. Termal su şəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox porulyar müalicəvi mineral su olan İstisu qablaşdırılaraq ölkənin apteklərində satılır.
Masallı rayonunun inzibati mərkəzi olan MASALLI ŞƏHƏRİ Bakıdan 230 km aralıda yerləşir. Vaxtilə bu yerlərdə "masal" adlı bir qəbilə yaşayırmış. Xalqın yaddaşında həkk olmuş bu ad şəhərin müasir adını şərtləndirmişdir. Masallının həndəvərində meşədə kiçik mənzərəli bir göl var. Bura həm yerli sakinlərin həm də şəhərin qonaqlarının sevimli istirahət yeridir.
Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, ƏRKİVAN qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir. DİGAH və BORADİGAH kəndlərindəki XVI əsrə aid məscidlər, SEYİD SADIQ məqbərəsi də maraqlı abidələrdir. Ənənəvi xalq sənəti məmulatları (həsir, baş yaylıqları, duluzçuluq və ağac məmulatları, xalçalar, corablar) MUSAKÜÇƏ, TÜRKOBA, QƏRİBLƏR, KOLATAN, SIĞDAŞ və başqa kəndlərdə hazırlanır.
Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (QIZILAĞAC körfəzi) QIZILAĞAC qoruğu yerləşir. Bu qoruğun ərazisi körfəzin bütün akvatoriyasını, eləcədə yaxınlıqdakı quru sahələrini əhatə edir. Qoruq 1929-cu ildə su-bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılmışdır. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var.
"DƏŞTVƏND" İSTİRAHƏT BAZASI
Ərkivan kəndinin yaxınlığında yerləşən bu istirahət bazasında Avropa şəhər standartları üzrə təchiz olunmuş koteclər və otel vardır. İçərisində kondisoner, vanna, bar, peyk televiziyası olan rahat nömrələr, sauna, restoran, bar, konfrans zalı, dövrəsində romantik talvarlar düzəldilmiş nohur, balıq ovlamaq imkanları - bütün bunlar bazaya gələnlərin xidmətindədir.
ÜNVAN: Masallı şəhərindən avtomobillə bir neçə dəqiqəlik məsafədə yerləşən Ərkivan kəndi.
Tel: (994151) 5-51-31, (99450) 311-36-08, 373-23-23, 325-71-46
E-mail: [email protected]
İnternet səhifəsi: www.dashtvend.com
Masallıya gələnlər "DƏMİRAĞAC", "RASİM" istirahət zonalarında və "TURAN" sanatoriyasında qalıb orada da istirahət edə bilərlər.
LƏNKƏRAN
Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. LƏNKƏRANÇAY, VERAPVUL, QUMBAŞI, BOLADI çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.
Lənkəran rayonu Azərbaycanın daha bir mühüm kənd təsərrüfatı regionudur. Onun özünəməxsus iqlim şəraiti burada çay naringi, xurma, feyxoa və bir neçə limon növü ilə təmsil olunan subtorpik bitkilər becərilməsini şərtləndirmişdir. Lənkəranın məşhur çayı öz keyfiyyətinə və ətrinə görə klassik Hindistan çayından heç də geri qalmır.
Təsadüfi deyildir ki, burada mahir oyma işi ustaları yetişir. Axı bu diyar nadir və endemik növlər də daxil olmaqla unikal ağac növləri ilə zəngindir. Məşhur dəmirağac, propka ağacı, məxməri qayın ağacı, hirkan şəmşidi, ipək akasiya, palıd, evkalipt, bir də Talış dağlarının əsas meşə ağacı sayılan enliyarpaq palıd bu meşələrin bir növ rəmzidir. Bundan əlavə Lənkəran meşələrində çoxlu yabanı meyvə ağacları, dərman otları və kollar bitir. Buna görə də təəccüblü deyildir ki, Lənkəran rayonunun ərazisində iki qoruq və bir yasaqlıq yaradılmışdır.
"QIZILAĞAC" Qoruğu Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac körfəzi rayonunda yerləşir. Bu qoruğun ərazisi böyük Qızılağac körfəzinin bütün akvatoriyasını, kiçik Qızılağac körfəzinin şimal hissəsini, eləcədə sahilyanı zonanın yaxınlıqdakı hissələrini əhatə edir. qorub 1929-cu ildə qışlayan və köçəri su, bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması məqsədilə yaradılmışdır. Burada 248 növ quş və 54 növ balıq vardır.
Ərazisinin sahəsi 21.435 hektar olan HİRKAN QORUĞU da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq HİRKAN MİLLİ PARKINA çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.
Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Əhalinin sayı 193.700 nəfər, Bakıdan məsafsi 268 km-dir. Şəhərin əlverişli coğrafi mövqeyi münbit torpağı təbii ehtiyatları həmişə adamları buraya cəlb etmişdir. Lənkəran ölkənin cənub-şərqində, Lənkərançay çayının sahilində yerləşir. Belə hesab edirlər ki, şəhər təxminən 300 il bundan əvvəl elə burada, dənizin yaxınlığında salınmışdır. Əvvəlcə keşikçi qüllələri ilə təchiz olunmuş qala tikilmiş, mayak qurulmuşdur. Şəhərin ilkin adı "LƏNGƏRKÜNAN" olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir.
Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranda fəaliyyət göstərən teatrın ilk tamaşası 1850-ci ildə olmuş, həmin tamaşadan əldə edilən gəlir isə tam həcmdə yerli yoxsullara paylanmışdır. Şanlı sərkərdə - general Həzi Aslanov da bu şəhərdə doğulmuş və yaşamışdır. İndi onun doğulduğu evdə muzey ekspozisiyası açılmışdır.
Lənkəranın ətrafındakı Boladi, Vilvan və Veravul kəndlərində ənənəvi xalq sənəti növləri - zərgərlik, xalçaçılıq, həsir toxuma sənətləri geniş inkişaf etmişdir. Bəzi mənbələrə görə vaxtilə bütün Lənkəran şəhəri qamış basmış bataqlıq ərazidə salınmışdır. Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: Yuxarı Nüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid qülləsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Balabur qalasının xarabaları qalmışdır. Bu qalanın tikintisində inşaat materiallarının çox maraqlı bir qarışığından - bişmiş qırmızı kərpicdən və çay daşından istifadə edilmişdir. Xalq arasında Boz qala deyilən bu qalada keramikadan hazırlanmış su kəməri boruları hələ də salamat qalmışdır. XVIII əsrdə Qara xanın hakimiyyət dövründə Lənkəran Talış xanlığının mərkəzinə çevrilir. Bu vaxtdan etibarən onun mədəni və iqtisadi inkişaf dövrü başlanır, sənətkarlıq, xüsusən metal üzərində iş tərəqqi edir. Dəmirçilik və zərgərlik, misdən qab-qacaq hazırlanması ilə məşğul olan sənətkarlar çoxalır. Lənkəran mühüm ticarət mərkəzinə çevrilir. İrandan, Mərkəzi Asiyadan, Hindistandan və Rusiyadan gələn mallar buradan keçirdi. Şəhərdə geniş infrostruktura malik olan 9 böyük bazar vardır. Bu şəhər özünün əlverilşi geosiyasi vəziyyətinə və sərvətlərinə görə qonşu xanlıqların və daha iri dövlətlərin işğalçılıq iştahalarını həmişə qıcıqlandırırdı. 1795-ci ildə İran şahı Ağaməhəmməd Qacarın qoşunları Lənkəranı qarət etdi. 1813-cü ildə isə Rusiya bütün Lənkəran xanlığını tutdu və sonralar Türkmənçay müqaviləsi bu işğalı bir növ qanuniləşdirdi.
"QALA-LƏNKƏRAN" OTELİ
Oteldə telefon, kondisoner və kabel televiziyası ilə təchiz olunmuş 59 nömrə, biznes mərkəzi, konfrans zalı, restoran və bar vardır. Servis bank xidmətləri, taksi və camaşırxana xidmətlərindən bütün sutka ərzində istifadə edə bilərsiniz.
Ünvan: 4200, Lənkəran, Mir Mustafa xan küçəsi 22
Tel: (994171) 5-02-84, 5-02-86, 5-02-88.
Lənkərana gələnlər "Xanbulançay" qonaq evində də qala bilərlər.
LERİK
Rayonun əhalisinin sayı 67.400 nəfər, rayon mərkəzi - Lerik şəhəri, onun əhalisinin sayı 6.900 nəfərdir. Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir. Lerikdə yay fəslində havanın temperaturu çox nadir hallarda + 25 dərəcəni keçir. Lakin yazda yağışların çox yağması bəzən yollarda gediş-gəlişi çətinləşdirir, bəzi kəndlərə gedib gəlmək tamamilə namümkün olur. Lerik meşələrinin əlçatmaz guşələrində yaşayan bəbir bu gün xüsusi proqramla qorunur.
Burada qaban, tülkü, dovşan, quş (ördək, kəklik) ovlamaq üçün hər cür şərait var. Talış dağlarının ən yüksək nöqtələri KÖMÜRGÖY (2492 m) və QIZYURDU (2433 m) zirvələridir.
Bu diyarın çox özünəməxsus tarixi var və bu tarix bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarix abidələri qalmışdır. Məsələn, daş dövründən qalmış mağara şəklində düşərgə yeri, MİSTAN dağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.
Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinə gedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandır Düma Cəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir.
Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalmışdır. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır.
Yuxarıda qeyd edildiyi kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn bu rayonun sakini ŞİRƏLİ MÜSLÜMOV (1812-1975) 163 il fəal həyat tərzi keçirmiş, uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. Rayonun digər sakini MAHMUD EYVAZOV (1808-1958) 150 il yaşamışdır. Lerikdə bu gün də yaşı bir əsri keçmiş, lakin əmək qabiliyyətini itirməmiş onlarca sakin yaşayır.
Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf etmişdir. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi şaquli dəzgahlarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfiqi dəzgahda toxunur.
Rayonun inzibati mərərkəzi Lerik şəhəridir. Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri Talış dağlarının ətəyində, məhsuldar düzənlik sahədə yerləşir. Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.
Lerikə gələnlər yerli sakinlərin mənzillərində eləcədə Lənkəran-Lerik yolu boyunca yerləşən çoxsaylı istirahət zonalarında qala bilərlər. Onların ən porulyarları "Şəlalə" və "Meşəçi" istirahət zonalarıdır.
ASTARA
Rayonun əhalisinin sayı 88.500 nəfər, rayon mərkəzi - Astara şəhəri, onun əhalisinin sayı 14.800 nəfərdir. Astara rayonu Azərbaycanın cənub-şərqində İranla sərhəddə yerləşir. Rayonu ərazisinin bir hissəsini Talış dağları qalan hissəsini ovalıq sahə tutur. Bu regionun özünəməxsus iqlim şəraiti də bununla bağlıdır.
Meşələrin sahəsi 37. 000 hektardır. Mənbəyini Talış dağlarının zirvələrindən götürən Astaraçay və Təngərüd çayları Xəzər dənizinə tökülür. Astaranın bitki aləmi zəngin və rəngarəngdir. Burada yabanı heyva, əzgil, yemşan, böyürktək, ipək akasiya, həmişayaşıl iynəyarpaq bitkilər, həmçinin linanalar fəsiləsinin nümayəndələri bitir. Çox ağır olduğuna görə suda baxan məhşur dəmirağac da burada bitir. Ta qədim zamalardan yerli sakinlər bu ağacdan toxucu dəzgahları, müasir dövrdə isə toxuculuq sənayesində istifadə edilən dəzgahlar üçün müəyyən detallar hazırlayırlar.
Rayonun florası kimi faunası da rəngarəngdir. Astara meşələrində cüyür, canavar, çöl pişiyi, maral və digər vəhşi heyvanlar sərbəst şəraitdə yaşayırlar. Xəzər dənizinin sahillərində isə təmiz, şəffat sulu çoxlu çimərliklər salınmışdır.
Hirkan Milli parkının bir hissəsi bu rayonun ərazisində yerləşir. Bu fakt ekoloji turizm həvəskarlarını Astaraya cəlb edir. Rayonun İran sərhədinin yaxınlığında İstisu adlanan sahədə müalicəvi mineral su bulaqları çoxdur. Bu rayonda çayçılıq və tərəvəzçilik geniş inkişaf etmişdir. Sitrus bitkiləri yetişdirilir.
Rayonun ərazisində çoxsaylı (təqribən 400) tarix və memarlıq abidəsi vardır. Demək olar ki, hər bir kənddə bu diyarda ta qədim dövrdən insan yaşamasını sübut edən izlərə rast gəlmək olar. Məsələn, Şindan kəndində bir qüllə var. Onu xalq arasında Babək qalası adlandırırlar. Nudis kəndindəki qüllə, Pensər kəndindəki Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Cahanbaxış məscidi, Şahağac kəndindəki məqbərə, Ərçivan kəndindəki Kərbəlayı Həmid Abdulla hamamı bu qəbildəndir. Həmin kəndə məhşur kükürdlü bulaq da var. Bu bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanır. Qapıçı məhəllə kəndində qala qalıqları, VII əsrə aid məqbərə, karvansara, daş dövrünə və tunc dövrünə aid daş heykəllər, Sınıyapert, Lomin və Piləkən kəndlərində XIII əsrə aid körpülərin qalırları hələ də qalmaqdadır.
Astara rayonunun inzibati mərkəzi Astara şəhəri Bakıdan 322 km məsafədə yerləşir. Bakı-Tehran magistralında mühüm tranzit məntəqə olan Astara bir tərəfdən dənizlə digər tərəfdən Talış dağları ilə hüdudlanan kiçik sərhədyanı şəhərdir. Şəhərin ətrafında çəltik zəmiləri diqqəti cəlb edir. Burada balıqçılıq da geniş inkişaf etmişdir - heç bir hadisə yerli milli mətbəxtin xüsusiyyətlərini dəyişə bilməmişdir.
Astaradakı diyarşünaslıq muzeyinin ekspozisiyası kifayət qədər zəngindir. Bu
muzeydə müxtəlif dövrlərdə zərb edilmiş və qədim vaxtlarda bu bölgədə ticarətin təşəkkül tapmasını təsdiqləyən qədim sikkələrlə yanaşı, daşdan yonulmuş insan heykəli də saxlanılır. Bu heykəlin yaşı 2000 ildən çoxdur. Astaraya gələnlər yerli sakinlərin mənzillərində qala bilərlər.
Yorum ekle