Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən dövlət. Paytaxtı Bakı şəhəridir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 %-ni təşkil edir.
Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir.
1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində "müttəfiq respublika" statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik Azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan 6 müstəqil Türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibətləri vardır. 38 beynəlxalq təşkilatın üzvüdür.
Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.
BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib.
Paytaxt: Bakı
Böyük şəhərlər:
Bakı (2 204 200)
Sumqayıt (332 900)
Gəncə (328 400)
Lənkəran (223 100)
Mingəçevir (101 600)
Rəsmi dil: Azərbaycan dili
Etnik qruplar:
Azərbaycanlılar – 91.60 %,
Ləzgilər – 2.02 %,
Talışlar – 1.35 %,
Ruslar – 1.26 %,
Ermənilər – 1.34 %
Digərləri – 2.43 % (2009)
Prezident: İlham Əliyev
Vitse-prezident: Mehriban Əliyeva
Baş nazir: Artur Rəsizadə
Yaranması:Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi 28 may 1918-ci il
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi: 18 oktyabr 1991-ci il
Pul vahidi: Azərbaycan manatı (AZN)
Telefon kodu: +994
Yorum ekle