QƏRB MAŞRUTU: BAKI - HACIQABUL - KÜRDƏMİR - YEVLAX - TƏRTƏR - NAFTALAN - GƏNCƏ - XANLAR - DAŞKƏSƏN - ŞƏMKİR - GƏDƏBƏY - TOVUZ - AĞSTAFA - QAZAX
HACIQABUL
HACIQABUL RAYONUNUN əhalisi 60 min nəfər, rayon mərkəzi - Hacıqabul şəhəri, onun əhalisinin sayı 22 min nəfərdir. Hacıqabul rayonu Kür-Araz ovalığındakı bərəkətli qədim Muğan diyarının bir hissəsini tutur. İqlimi yarımsəhra, quru və isti, qışı mülayim keçir. Qışda havanın temperaturu müsbət 6 dərəcədən aşağı olmur. Burada yağış az yağır, laikn Kür çayının axarı boyunca tuqay meşələri və kolluqlar vardır.
Müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış HACIQABUL GÖLÜ bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənmişdir. İndi Əli Baryamlı Dövlət Rayon Elektrik Stansiyasının (DRES) işlənmiş isti suları da bu gölə daxil olur. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.
Burada xalçaçılıq hələ qədim dövrlərdən geniş inkişaf etmişdir. Şirvan məktəbinin "Sarı xalça" deyilən əl xalçaları toxumaq ənənəsi hələ də davam edir.
Rayonun inzibati mərkəzi HACIQABUL şəhəri Bakıdan 113 km məsafədə yerləşir. Onun adının mənası "Allah sənin Həcc ziyarətini qəbul etsin" deməkdir. Müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarəti "Həcc" adlanır. Həcc ziyarəti etmiş şəxsə fəxri "Hacı" rütbəsi verilir və bu söz onun adının əvvəlinə əlavə edilir. Mahiyyət etibarilə həcc ziyarəti ruhani anlayışlar kompleksi olub Allahdan rəhm diləmək, müxtəlif tövbələr etmək kimi xahişləri də əhatə edir. Buna görə də Hacıqabul şəhərinin adından məlum olur ki, bura təkcə ticarət karvanları üçün deyil, həm də həcc ziyarəti edənlər üçün düşərgə yeri olmuşdur. Bəzən zəvvarlar karvanlarla gedir, bəzi zəvvarlar isə həcc ziyarətinə piyada getməyi əhd edirdilər. Burada həm zəvvarları, həm də İran körfəzi regionuna səyahətə çıxan tacirləri qəbul etmək üçün karvansaralar olmuşdur.
XVII əsrdə Şah Abbas Hacıqabul gölünün yaxınlığında böyük bir karvansara tiktidirmiş, Səfəvilər sülaləsinin hakimiyyəti dövründə isə şəhər salınmış və o vaxt bu şəhər Mahmudabad adlandırılmışdır. Sonradan bu ad unudulmuş və şəhər yenidən Hacıqabul adlanmağa başlamışdır. Lakin bu ərazidə hələ 5 min il bundan əvvəl insanlar yaşayırmış - arxeoloqlar şəhərin şimal-qərbində HARAMI dağında tsiklopik tikililərin qalıqlarını aşkar etmişlər. Bu tikililərin divarlarında petroqliflər diqqəti cəlb edir. Onun yaxınlınğındakı daşların üzərində də insanları və qeyri-adi, fantastik heyvanların təsvirləri aşkar edilmişdir. Alimlər bu obyektin eneolit dövründə yaranması güman edirlər. Hacıqabul yaxınlığında digər tarix-arxitektura abidələri də qalmışdır. Qubalı Baloğlan kəndində Pir Hüseyn xanəgahına qədim minarəli məscid, qala divarları, karvansara, yaşayış binaları (XIII-XIV əsrlər), XI əsrdə yaşamış Şeyx Hüseynin məqbərəsi (Şeyxin şərəfinə tikilmiş bu məqbərə onun ölümündən iki əsr sonra ucaldılmışdır), eləcə də qədim körpü (XVII-XIX əsrlər) daxildir. Xanəgahın üzərinə şir (rəng) çəkilmiş kaşısı haqlı olaraq bütün müsəlman Şərqində ən yaxşı kaşılardan hesab edilir. Hazırda bu kaşıların bir qismi Sankt-Peterburqdakı Dövlət Ermitajında və Bakıdakı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır. Udulu kəndində erkən orta əsrlər dövrünə aid Güngörməz müdafiə qülləsi salamat qalmışdır. Bu qüllənin adından görünür ki, orada müdafiə olunan insanlar son nəfəsə qədər düşmənlərə güzəşt etməmək əzmində olmuşlar.
KÜRDƏMİR
Rayonun əhalisinin sayı 96.400 nəfər, rayon mərkəzi Kürdəmir şəhəri, onun əhalisinin sayı 17.800 nəfərdir. KÜRDƏMİR RAYONU Azərbaycanın tarixi vilayəti olan Şirvanda, Bakıdan şimal-qərb istiqamətində yerləşir. Bu bərəkətli, gözəl diyar turizm və iistirahət üçün çox cəlbedicidir. Bəzən onu Gülüstan adlandırırlar.
Kürdəmirdə yay isti və quraqlıq keçir. İqlimi çöl iqlimi sayılır. Rayonun heyvanat aləmi rəngarəgdir - burada qaban, canavar, tülkü, caqqal, qırqovul, turac, vəhşi ördək və qaz yaşayır. Bu diyarın üzüm bağları çox məşhurdur. Ən məşhur üzüm növü isə "Şirvanşahlı" adlanır. Kürdəmir rayonu özünün xalaçaçılıq ənənələri ilə də ad çıxarmışdır. Dünya bazarında yerli xalçaların ən məşhur növü "Şilyan" xalçasıdır. Bu xalça Kürdəmirin yaxınlığında yerləşən eyni adlı kənddə toxunur.
Kürdəmir rayonunun inzibati mərkəzi KÜRDƏMİR ŞƏHƏRİ Kür çayının sol sahilində, BAKIDAN 189 km məsafədə yerləşir.
Burada Bakı-Gəncə magistralı boyunca yerləşən çoxsaylı kafe və restoranlarda nahar etmək olar. Onlardan ən populyarı - rayon mərkəzindən 5 km qərbdə yerləşən "Qarabağ" restoranıdır.
YEVLAX
Rayonun əhalisinin sayı 110.700 nəfər, rayon mərkəzi Yevlax şəhəri, onun əhalisinin sayı 52.900 nəfərdir. Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir və el arasında GƏNCƏBASAR (keçmiş Gəncə xanlığının ərazisi olduğu üçün belə adlanır) deyilən regionun iri şəhərlərindən biridir. Gəncəbasar bölgəsi Azərbaycanın bir neçə rayonunu əhatə edir. Bu rayonları birləşdirən onların müştərək tarixi və oxşar coğrafi-iqlim şəraitidir.
Yevlax rayonunun inzibati mərkəzi olan YEVLAX ŞƏHƏRİ Bakıdan 280 km məsafədə yerləşir. Yevlax çoxsaylı yolların kəsişdiyi ərazidə yerləşir. Buradan Mingəçevir, Şəki, Balakən, Gəncə və Xankəndi şəhərlərinə birbaşa yollar gedir. Təsadüfi deyildir ki, XII əsrə aid yazılı mənbələrdə Yevlax "Qarabağın qapısı" adlandırılmışdır. Bu "qapılardan" həm karvanlar və səyyahlar keçib gedir, həm də qoyun sürülərini alp çəmənliklərində yerləşən yay otlaqlarına - yaylaqlara aparırdılar. Yevlaxın Qaraməmmədli, Qaranmanlı və Xaldan kəndlərində tunc dövrünə və erkən orta əsrlərə aid bir sıra arxeoloji obyektlər aşkar edilmişdir.
TƏRTƏR
Rayonun əhalisinin sayı 94.200 nəfər, rayon mərkəzi - Tərtər şəhəri, onun əhalisinin sayı 17.900 nəfərdir.
Bərəkətli Qarabağ diyarı Azərbaycanın ən qədim regionlarından biridir. Vaxtilə mərkəzi şuşa şəhəri olan məşhur Qarabağ xanlığı burada yerləşmişdir. Bu diyarda çoxlu tarix-memarlıq abidələri, zəngin fauna və flora vardır. Azərbaycan xalçalarının əlvan növlərindən biri olan Qarabağ xalçası burada yaranmış, məşhur Qarabağ cıdır atları cinsi burada yetişdirilmişdir. Belə zəngin bir təbii şəraitə malik olan bu diyarın Azərbaycan torpağına çoxsaylı istedadlı şairlər, yazıçılar və musiqiçilər bəxş etmişdir. Ən məşhur xanəndələr - muğam ifaçıları (muğam - Azərbaycanın milli musiqi janrıdır) Qarabağdan çıxmışdır. Müğam melodiyaları isə Azərbaycanın milli opera sənətinin əsasını təşkil edir. Təəssüf ki, bu gün Qarabağ ermənilər tərəfindən işğal edilmişdir.
TƏRTƏR RAYONU Tərtərçayın aşağı axarında yerləşir, şimal tərəfdən İncəçayı ilə hüdudlanır, burada qış fəslində temperatur müsbət iki dərəcədən aşağı enmir, yayda isə çox nadir hallarda 25 dərəcəni aşır. Rayon ərazisində iqlim müxtəlifdir - burada bəzi bölgələrdə mülafim iqlim, bəzi yerlərdə isə yarımsəhra iqlimi müşahidə olunur. Məhz bu cür dəyişkən iqlim şəraitinə görə burada qoyunçuluq geniş inkişaf etmişdir. Xaçınçay da bu rayonun ərazisindən keçir. Vaxtilə bu ərazi Azərbaycanın erkən dövlət qurumlarından (Manna, Midiya, Atropaten, Qafqaz Albaniyası) biri olan Albaniya dövlətinin tərkib hissəsi olmuşdur. Digər azərbaycanlılar kimi albanlar da qədim dövrlərdə zərdüştilik dininə sitayiş etmiş, sonradan isə xristianlığı qəbul etmişlər.
TƏRTƏR ŞƏHƏRİ Tərtər rayonunun inzibati mərkəzidir. Şəhər Tərtərçayının hər iki sahilində, Bakıdan 332 km məsafədə yerləşir. Burada heyvandarlıq və kənd təsərrüfatı ilə yanaşı, qədim xalq sənətləri olan xalçaçılıq, toxuculuq və tikmə sənəti ilə də məşğul olurlar. Qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri vaxtilə Çaparxana adlanmışdır. Rayonun Tərtər, Kəngərli, Qaradağlı, Qaynaq, Azad Qaraqoyunlu kəndlərində bir sıra memarlıq obyektləri vardır.
NAFTALAN
Goranboy rayonunun mərkəzi Goranboy şəhərinin yaxınlığında yerləşən kiçik NAFTALAN ŞƏHƏRİNİN əhalisinin sayı 6.500 nəfərdir. Bu kurort şəhərindəki sanatoriya və pansionatlara gələn xəstələr Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətarfındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müaliəcsi üçün çox səmərəli vasitədir. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən "nafta" sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində "axan, süzülən" deməkdir.
Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, naftalandan da istifadə etməyi bacarırdılar. Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışdır, vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndərin əsgərləri, Roma legionerləri və vikinqlər, şhmçinin alanlar, xəzərlər və digər qəbilələrin nümayəndələri Naftalan neftindən yaraların müalicəsi məqsədilə istifadə etmişlər. Naftalan həm də ixrac məhsulu olmuşdur. Onu karvan yolları ilə başqa ölkələrə - Kiyev Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanistana, Hindistana, İran körfəzi ölkələrinə daşıyırdılar. Orta əsrlərin məşhur səyyahı Marko Polo Naftalan neftini "dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm" kimi təsvir etmişdir.
XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlayanda Azərbaycanda Avropadan gəlmiş mühəndislərin, sənayeçilərin və bankirlərin sayı xeyli artmışdır. 1874-cü ildə alman mühəndisi Yager yerli sakinlərin naftalan nefti barədə söylədikləri ilə maraqlanmış və Almaniyada "Naftalan" mazının istehsalını tənzimləmişdi. O, həmin məlhəmi dünyanın müxtəlif ölkələrinə ixrac edirdi. Aydındır ki, Azərbaycan Naftalanı əsasında məlhəmlər istehsal edən almanlar yaxşı menecerlər olmuşdur, çünki bu məlhəmdən təkcə Avropa ölkələrində istifadə etmirdilər. 1904-cü ildə Rus-Yapon müharibəsi zamanı yapon əsgərlərinin aptek dəstinə içərisində naftalan mazı olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərinə belə yazılmışdı: "Kimin əlində bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".
Buraya gələnlər "Çinar" sanatoriyasında qala bilərlər.
GƏNCƏ
GƏNCƏ ŞƏHƏRİ - Gəncə-Qazax ovalığında Gəncəçay çayının sahillərində yerləşir. Çay şəhəri iki hissəyə bölür. Burada iki iqlim zonasını - mülayim-isti yarımsəhra və quru çöl iqliminin, həmçinin mülayim isti iqlim zonasının bir növ sərhədidir. Şəhərin əhalisinin sayı 302.000 nəfər, Bakıdan məsafəsi 375 kmdir.
Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada Gəncə Dövlət Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Filialı, Elmi-tədqiqat Pambıqçılıq İnstitutu, Eksperimental Kənd Təsərrüfatı Stansiyası vardır. Şəhərdə müasir Olimpiya İdman Kompleksi tikilmişdir.
Gəncə dünya şöhrətli şair NİZAMİ GƏNCƏVİNİN, şairə MƏHSƏTİ XANIMIN, MİRZƏ ŞƏFİ VAZEHİN vətənidir. Burada çoxlu tarixi abidələr var: CÜMƏ MƏSCİDİ və onun mədrəsəsi, ŞEYX İBRAHİM türbəsi, QIZIL HACILI, OZAN, BALA BAĞBANLI, ŞƏRƏFXANLI və ŞAHSEVƏN məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük Körpü və Kiçik Körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İMAMZADƏ, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır (hamamlar indi işləyir). Buraya gələnlərə tövsiyə olunur ki, şəhərin girəcəyində yerləşən Nizami Gəncəvi məqbərəsini hökmən ziyarət etsinlər.
Gəncə - müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir.
Ərəblər bu şəhəri Canza adlandırırdılar. Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar etmişlər.
Gəncənin tarixi - onun işğalçılar tərəfindən az qala yerlə yeksan edilməsi və sonradan tərəqqi etməsi tarixidir. Xəzər-ərəb müharibələrində yadelli döyüşçülər, alan tayfaları, monqollar, gürcü knyazları, osmanlılar Gəncəni viran etmişlər. XI əsrdə albanların xristian başçısının Bərdədəki iqamətgahı viran ediləndən sonra onun iqamətgahı Gəncəyə köçürülmüşdür. Xristian və islam dinlərinə etiqad bəsləyən insanlar Gəncədə dinc yanaşı yaşayır, Şərq ölkələrindən Qara dəniz sahillərinə aparılan mallar bu şəhərdən keçən karvan yolları ilə daşınırdı.
XII əsrdə Gəncə feodal hakimlərinin paytaxtı və iqamətgahı olmuşdur. Lakin elə həmin dövrdə şəhər iki dəfə çox güclü zəlzələyə məruz qalmışdır. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə viran olmuş, şəhərin sakinlərindən təqribən 250 min nəfəri həlak olmuşdur. Kəpəz dağının zirvələrindən biri uçaraq Ağsu çayının qabağını kəsmiş və beləliklə, Göygöl yaranmışdır.
XVII əsrdə şəhər əvvəlki yerindən 6 km şərqdə yenidən tikilmişdir. XVIII əsrin əvvəllərində Gəncə yenidən işğalçıların hücumuna məruz qalmış, həmin əsrin ortalarında isə Gəncə xanlığının mərkəzinə çevrilmişdir. Gəncə xanlığı Rusiya tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. 1804-cü ildə rus ordusunun sayca üstün qüvvələri Gəncəyə hücum edərkən Cavadxanın dəstəsi Gəncəni qəhrəmanlıqla müdafiə etmiş, Cavadxan özü isə igidliklə həlak olmuşdur. Bu hadisədən sonra 1804-cü ildə Rusiya imperatriçası Yelizavetanın şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılmışdır.
1918-ci ildə - Rusiya imperiyası dağılan dövrdə Gəncə bir neçə ay müddətində müstəqil Azərbaycan Respublikasının paytaxtı olmuşdur.
Həmin dövrdə Gəncədə zabitlik məktəbi açılmışdır. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək Kirovabad adlandırılmışdır. Yalnız 1989-cu ildə - Azərbaycanın yenidən müstəqillik əldə etməsi və SSRİ-nin dağılması ərəfəsində Gəncənin tarixi adı ona qaytarıldı.
Hazırda Gəncənin yaxınlığında HACIKƏND kurort zonası yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir.
"GÖYGÖL" Dövlət qoruğu Azərbaycanda ilk qoruqdur. Kiçik Qafqazın orta dağlıq, meşəlik və qismən subalp qurşaqlarının ekoloji sistemlərinin, eləcə də Göygöl, Maralgöl, Zəligöl və digər dağ göllərinin mühafizə edilməsi və öyrənilməsi məqsədilə 1925-ci ildə yaradılmış bu qoruğun ərazisi meşələrdən və dağ çəmənliklərindən ibarətdir.
Gəncədən bir qədər cənubda Murovdağın şimal ətəklərində, dəniz səviyyəsindən 1566 m yüksəklikdə yerləşən Göygöl haqlı olaraq, Azərbaycan göllərinin incisi hesab edilir. Qafqaz ərazisində ilk qoruq olan bu qoruq iki hissədən ibarətdir - əsas hissə və "ELDAR ŞAMI MEŞƏSİ" adlanan filial. Qoruğun iki hissəsi arasında kı məsafə 80-85 km-dir.
Gəncənin öz tarix-diyarşünaslıq muzeyi vardır. Muzeyin eksponatları arasında tunc dövrünə aid çox maraqlı tapıntılar var. Gəncədə Dram Teatrı və Uşaq Kukla Teatrı fəaliyyət göstərir.
Turistlər və şəhərin qonaqları şəhərin mərkəzində yerləşən "Gəncə" mehmanxanasında qala bilərlər.
XANLAR
Rayonun əhalisinin sayı 54.400 nəfər, rayon mərkəzi - Xanlar şəhəri, onun əhalisinin sayı 17.600 nəfərdir.
XANLAR RAYONU Kiçik Qafqaz dağlarının ətəklərində, Gəncədən bir qədər cənubda yerləşir. Son dərəcədə mənzərəli olması ilə diqqəti cəlb edən bu rayonda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir. İqlimi mülayim istidir. Burada quşların yuva yerləri xüsusilə çoxdur. Gəncəçay və Quşqara çayları ov etmək və balıq tutmaq üçün əla yerlərdir. Rayonun ən uca nöqtəsi dəniz səviyyəsindən 3724 m yüksəklikdə yerləşən Murovdağ silsiləsidir. Bu rayon turistlər və ekoturistlər arasında çox populyardır. Onlar buraya gələndə yerli sakinlərin evlərində və ətraf kəndlərdə qalırlar.
Xanlar rayonunun inzibati mərkəzi Bakıdan 384 km məsafədə yerləşən XANLAR ŞƏHƏRİDİR.
Xanlar şəhəri XIX əsrdə Xanıqlar adlı qədim kəndin yerində köçkün almanlar tərəfindən salınmışdır. Onlar bu şəhəri özlərinə xas olan səliqə ilə planlaşdırmış və 1819-cu ildə onu Yeleniyendorf adlandırmışlar. İndi də bu şəhərin hamar küçələrinə, ağacdan tikilmiş, üzərində oyma işləri görülmüş evlərin fasadlarına, kirxaya (lüteran kilsəsi) baxanda burada vaxtilə almanların yaşaması yada düşür. SSRİ dövründə Stalinin göstərişi ilə buradakı yerli almanlar Orta Asiyaya sürgün edilmişdir.
Xanlarda yerli tarix-diyarşünaslıq muzeyi, musiqi məktəbi, kinoteatr, çoxsaylı kafe və restoranlar vardır. Bu sakit, yaşıl şəhərə gələn turistlər oradan müxtəlif marşrutlarla turist səfərlərinə çıxırlar. Tunc və dəmir dövrünə aid edilən arxeoloji tapıntılar bu şəhərin qədim tarixə malik olmasını təsdiq edir. Xanların özündə LÜTERAN KİLSƏSİ (1854-cü il), Gəncəçay üzərində iki körpü - "İKİGÖZLÜ KÖRPÜ" ( XVI əsr) və "ÜÇGÖZLÜ KÖRPÜ" (1896-cı il) kimi tarixi-memarlıq abidələri salamat qalmışdır. Xanların yaxınlığında salamat qalmış abidələrə misal olaraq ZURNABAD kəndində XII əsrə aid qalanı, SARI QAYA kəndində XVI əsrə aid MƏQBƏRƏNİ, TOPALHƏSƏNLİ kəndində XII əsrə aid "AĞ KÖRPÜNÜ", eləcə də ÇAYKƏND kəndindəki bir sıra tarixi abidələri göstərmək olar.
DAŞKƏSƏN
Rayonun əhalisinin sayı 31.400 nəfər, rayon mərkəzi - Daşkəsən şəhəri, onun əhalisinin sayı 9.400 nəfərdir. DAŞKƏSƏN RAYONU Azərbaycanın filiz hasilatı mərkəzi olub Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir. Burada temperatur çox kəskin dəyişə bilər. Belə ki, qışda 20 dərəcəyə qədər şaxta (ümumiyyətlə desək, bu, Azərbaycan üçün heç də səciyyəvi olmayan haldır), yayda isə, yarımsəhra zonasında yerləşən Abşeronda olduğu kimi, 35 dərəcəyə qədər isti müşahidə edilir. Rayonun təmiz havası, alp çəmənlikləri ilə zəngin olan dağ otlaqları və bulaqlar həm turistləri, həm də sadəcə istirahət edənləri buraya cəlb edir.
Arxeoloqlar bu rayonun Xoşbulaq, Zağalı, Gürbulaq, Əmirvar, Bayan, Dardərya kəndlərinin ərazilərində daş dövrünə aid qədim insan məskənlərinin qalıqlarını aşkar etmişlər. QUŞQARA ÇAYININ üzərindən salınmış iki qədim daş körpü və Əhmədli kəndindəki məqbərə bizim zəmanəyə qədər salamat qalmış tarix-memarlıq abidələridir. Quşçu kəndində 487-ci ildə tikilmiş monastır salamat qalmışdır. Bayan kəndində isə XV əsrə aid edilən xristian məbədinin xarabalıqlarını görmək olar.
Rayonun inzibati mərkəzi DAŞKƏSƏN ŞƏHƏRİDİR. Bakıdan 397 km məsafədə yerləşən bu şəhərin adından da göründüyü kimi, bu region ta qədim dövrlərdən başlayaraq daş və ağac üzərində oyma sənətinin biliciləri sayılan daşyonan sənətkarları ilə məşhur olmuşdur. Hazırda burada xalq sənət növlərindən xalçaçılıq və corab toxuma sənətləri yaxşı inkişaf etmişdir.
Buradakı kiçik restoranlarda müştərilərə milli mətbəxin səciyyəvi xörəkləri təklif edilir, kababxanalarda isə həm təzə ətdən hazırlanan ləzzətli milli yeməkləri dadmaq, həm də aşıqların (improvizator xalq müğənnilərinin) ifasında xalq musiqisini dinləmək mümkündür. Daşkəsən balı respublikada balın ən yaxşı növlərindən biri sayılır. Yaxınlıqdakı Gəncə şəhərinin sakinləri istirahət etmək üçün Daşkəsən rayonunun Xoşbulaq kəndinə gəlməyi xoşlayırlar.
ŞƏMKİR
Rayonun əhalisinin sayı 178.400 nəfər, rayon mərkəzi - Şəmkir şəhəri, onun əhalisinin sayı 36.100 nəfərdir.
ŞƏMKİR RAYONUNDA tunc dövrünə və erkən dəmir dövrünə aid çoxlu arxeoloji obyektlər vardır. Onlar əsasən ÇƏNLİBEL, SEYİDLƏR və QARACAƏMİRLİ kəndlərində aşkar edilmişdir. Orta əsrlərə aid bir sıra tarixi-memarlıq abidələri vardır: TATARLI və AŞAĞI SEYFƏLLİ kəndlərindəki qalalar, TƏHNƏLİ kəndində və ZƏYƏM çayının üzərindən salınmış körpülər, YUXARI ÇAYKƏND, GÜNƏŞLİ, DAĞ CƏYİRLİ kəndlərindəki xristian kilsələri buna misal ola bilər.
Burada balıq ovu həvəskarlarının xoşladığı yerlər də var - KÜR çayı üzərindəki YENİKƏND bəndi daha çox məşhurdur.
Rayonun inzibati mərkəzi ŞƏMKİR ŞƏHƏRİNƏ Gəncədən miniklə bir saata getmək olar. Şəmkirin Bakıdan məsafəsi 417 km-dir.
XIX əsrdə burada alman köçkünlərinin Annenfeld adlanan kiçik kolonyiası vardı. Xanlarda olduğu kimi bu koloniyanın sakinləri barədə də xatirə kimi, burada ideal hamar vəziyyətdə olan bir neçə küçə və lüteran kilsəsi qalmışdır.
Yazılı mənbələrə və arxeoloji məlumatlara görə bu şəhər V-VI əsrlərdə indiki MUXTARİYYAT kəndinin yaxınlığında BÖYÜK ŞƏMKİR çayının sahilində, müasir Şəmkirdən 20 km aralıda salınmışdır.
Otra əsrlərdə ŞAMKUR adlanan həmin şəhərdə 8-qülləli feodal qəsri olmuşdur. Şamkurun sərvətləri təkcə tacirləri deyil, işğalçıları da cəlb edirdi. Azərbaycanın qədim şəhərlərinin çoxu kimi, Şamkur da mövcud olduğu dövrdə dəfələrlə dağıdılmış, sonradan bərpa edilmiş və tərəqqi dövrü keçmişdir. Lakin növbəti hücumların birindən sonra şəhərin salamat qalmış əhalisi oradan köçüb getmiş və yeni şəhər salmışdır.
Müasir Şəmkirin ətrafında, XVII əsrə aid edilən iki qədim qala salamt qalmışdır - ŞAMXOR QALASI və KOROĞLU QALASI (bu qalanın adı zalımlara və qəddarlara qarşı qəhrəmanlıqla mübarizə aparmış igid Koroğlunun şərəfinə, milli rəmzimiz kimi seçilmişdir). Alimlərin çoxu bu fikirdədir ki, Koroğlu real tarixi şəxsiyyət olmuşdur. Lakin onun həqiqətən Çənlibel qalasında yaşaması inandırıcı şəkildə müəyyən edilməmişdir.
Şəmkirdə nahar etmək istəsəniz "XAN SARAYI", "MUROVDAĞ", "EFES-1" restoranlarından birinə gedə bilərsiniz. Burada yaşamaq üçün xüsusi ev və ya ayrıca bir otaq kirayə etmək mümkündür.
GƏDƏBƏY
Rayonun əhalisinin sayı 89.300 nəfər, rayon mərkəzi - Gədəbəy şəhəri, onun əhalisinin sayı 8.500 nəfərdir.
GƏDƏBƏY RAYONU Kiçik Qafqaz dağlarında, o cümlədən yüksək dağlıq (Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metr, Qocadağ zirvəsinin hündürlüyü 3317 metrdir) və orta yüksəkliyə malik dağlarda yerləşir. Burada ərazinin dəniz səviyyəsindən yüuksəkliyinin müxtəlif olması iqlim şəraitinin də müxtəlif olmasını şərtləndirir. Dağlıq ərazidəki tundraya xas olan iqlim tədricən qızmar yay fəsli ilə müşahidə olunan quru iqlimə keçir. Rayon mərkəzinin Bakıdan məsəfəsi 462 km-dir.
Gədəbəyə ya Şəmkirdən, ya da Tovuzun Qovlar stansiyasından getmək olar. Tovuz yolu daha mənzərili olsa da, minik maşınlarının bu yolu keçməsi çətindir: burada "basarkeçər" avtombillər lazımdır.
Gədəbəy rayonunun ərazisində Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. QALAKƏND kəndinin yaxınlığında isə məxsusi balıq ovu təsərrüfatı yerləşir. Gədəbəy rayonunun bitki və heyvanat aləmi zəngin və müxtəlifdir. "QIZILAĞAC" qoruğu bu rayonun ərazisində yerləşir. "Azərbaycanın təbiət abidələri" kimi dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısına daxil edilmiş bir neçə təbii obyekt - ŞAMLIQ, QAMIŞ, GÖDƏKDƏRƏ, QOVDU meşələri də buradadır. KEÇİ-KEÇİ, CÜYÜR, AYI, CƏRGƏ bulaqları, eləcə də NARZAN, QIZILCA, MORMOR, ÇALDAŞ mineral su bulaqları bu qəbildəndir.
Burada Azərbaycan tarixinə XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ adı ilə daxil olmuş qədim mədəniyyət abidələri tunc dövrünə aid tsiklopik tikililər, eləcə də "GƏDƏBƏY XƏZİNƏLƏRİ" - ev müxəlləfatı və daşqaş saxlamaq üçün nəzərdə tutulan qədim küzələr, XVI əsrə - Şah Təhmasibin hakimiyyətdə olduğu dövrə aid gümüş pul silkələri tapılmışdır. Bu pullar Təbrizdən (indiki İran) başlamış Şirvana və Gəncəyə qədər geniş ərazidə tədavüldə olmuşdur.
Rayon ərzvaisində salamat qalmış tarixi-memarlıq tikililərinə nümunə olaraq TAĞLI KÖRPÜNÜ (XIX əsr), QALA kəndindəki QÜLLƏNİ (XVI əsr), SÖYÜDLÜ kəndindəki QIZ QALASINI (və ya Namərd qala - IX əsr), NOVOSARATOVKA, SÖYÜDLÜ, ÇANAXÇI və KİLƏVİ kəndlərində erkən orta əsrlər dövrünə aid xristian məbədlərini göstərmək olar.
SARATOVKA kəndində rusların "duxobor" deyilən köhnə təriqətçilər tayfasının nümayəndələri yaşayır. Onlar özlərinin maddi və mənəvi mədəniyyətini hələ də qoruyub saxlamışlar.
Bu regionda xalq sənəti növlərindən ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri yaxşı inkişaf etmişdir.
Azərbaycanın ərazisi qərbdəki bəzi məşhur sahibkarların diqqət mərkəzində olmuşdur. Məsələn, NOBEL QARDAŞLARI Bakı nefti hesabına varlanmışlar. Almaniyanın "SİMENS" firması isə XIX əsrin axırlarında Gədəbəydə iki misəritmə zavodu tikmişdir. Çar Rusiyasında əridilən bütün misin dörddə bir hissəsi bu zavodlarda alınırdı. Simens qardaşları bu qeyri-adi diyarın tarixi ilə ciddi maraqlandılar və bu regionda arxeoloji qazıntılar aparılmasını təşkil etdilər. Həmin tədqiqatların nəticələrinə əsasən "QALAKƏND" adlı elmi əsər yazılmışdır.
Buraya gələnlər şəhərin mərkəzində yerləşən mehmanxanada qala bilərlər.
TOVUZ
Rayonun əhalisinin sayı 147.600 nəfər, rayon mərkəzi - Tovuz şəhəri, onun əhalisinin sayı 12.800 nəfərdir.
Azərbaycanın TOVUZ RAYONU respublikanın qərbində yerləşmişdir, Gürcüstan və Ermənistanla həmsərhəddir. Kür, Axınca, Tovuz, Zəyəm və digər çaylar bu rayonun ərazisindən axır. Dağ yamaclarındda çoxlu meşələr, bulaqlar, zəngin bitki və heyvanat aləmi (canavar, tülkü, dovşan, turac, kəklik) var. İqlimi qurudur, burada əsasən dovşan və su quşları ovlamaq olar.
Tovuz rayonunda qədim abidələr qorunub saxlanılmışdır. Onlardan ən maraqlıları KİRZAN kəndindəki XII əsrə aid məbədin, YANIQLI kəndindəki XVII əsrə aid məsçidin, QAZQULU kəndindəki məqbərələrin, ƏLİBƏYLİ kəndindəki qalanın və başqalarının adlarını çəkmək olar. Burada həmçinin tunc, dəmir və erkən orta əsrlər dövrünə aid çoxsaylı arxeoloji obyektlər vardır.
Rayonun inzibati mərkəzi - TOVUZ ŞƏHƏRİ Bakıdan 457 km məsafədə yerləşir.
Azərbaycanın əksər şəhərləri kimi, Tovuz da daş dövrünə və tunc dövrünə aid qədim insan məskənlərinin yerində salınmışdır. Bu şəhər sanki minilliklər ərzində bir-birini əvəz etmiş əcdadlarımızın yaşadığı yerləri xatırlatmaq üçün xalqın genetik yaddaşında iz qoymuşdur. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı iki qohum türk qəbiləsinin - OĞUZLARIN və TOĞUZLARIN adından yaranmışdır. Bu ad məhz burada yarandığı üçün toponim kimi təsbit olunmuşdur.
Müasir yaşayış məntəqəsi kimi Tovuz şəhərinin təməli alman köçkünləri tərəfindən qoyulmuş, onlar bu şəhəri Traubenfeld adlandırmışdırlar.
Tovuzda məhşur aşıq Hüseyn Bozalqanlının (1860-1942) kiçik müzeyi var. Aşıq Hüseyn Bozalqanlı Koroğlu dastanını başdan-ayağa əzbər bilirmiş.
Buraya gələn turistlər, adətən, yerli sakinlərin evlərində qalırlar. Sakinlər ayrı-ayrı otaqları və ya evləri kirayə verirlər. "GÜNAY" motelində də qalmaq olar. Tovuzda restoranlar da var. Onlardan ən iriləri "XXI əsr", "ANAR" və "VLADİVOSTOK" restoranlarıdır.
AĞSTAFA
Rayonun əhalisinin sayı 75.600 nəfər, rayon mərkəzi - Ağstafa şəhəri, onun əhalisinin sayı 12.100 nəfərdir.
AĞSTAFA RAYONU Böyük Qafqaz dağlarının ətəklərində, Azərbaycanın Gürcüstan və Ermənistanla sərhəddində yerləşir. Rayonun iqlimi mülayimdir. Yerli sakinlər əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olurlar.
Rayon ərazisindən bir-neçə kiçik çay və Kür çayının qolu olan Ağstafaçay axır. CANDARGÖL gölü də burada yerləşir. Ağstafa şəhərindən 20 km məsafədə yerləşən TATLI kəndində GƏLAÇMA adlı bulaq həm yerli sakinlərin, həm də turistlərin sevimli istirahət yeridir. Burada bişirilən kabab müştərilərin çox xoşuna gəlir.
Kür çayının sahilində 4,9 min hektar sahədə yerləşən QARAYAZI dövlət qoruğu Kürətrafı zonalardakı tuqay meşələrini, Qarayazı ovalığını və Kür çayının orta axarını qorumaq və bərpa etmək üçün 1978-ci ildə yaradılmışdır. Qoruqda mühafizə edilən əsas obyekt - tuqay meşələri massividir.
1923-cü ildə 12,0 min hektar sahədə yaradılmış "QARAYAZI-AĞSTAFA" yasaqlığı da Ağstafa rayonunda yerləşir. Bu yasaqlığın yaradılmasından məqsəd - Qafqaz maralını, qırqovulu, türacı, digər nadir heyvan və quş növlərini qoruyub saxlamaqdan və onların baş sayını artırmaqdan ibarət idi. Yasaqlıq Kür çayının orta axarındakı tuqay meşələri zonasında, Gürcüstanla Azərbaycanın sərhəddində yerləşir. Bu yasaqlığın flora və faunası bilavasitə onunla həmhüdud olan "QARAYAZI" qoruğunun flora və faunasına identikdir.
Rayon ərazisində bir sıra tarixi abidələr aşkar edilmişdir: KÖÇƏSGƏR kəndinin yaxınlığında paleolit dövrünə aid MOLLA NAĞI TƏPƏSİ adlanan qədim insan məskəni;" QIRAQ KƏSƏMƏN kəndində 17-ci əsrə aid QÜLLƏ və 19-cu əsrə aid MƏSÇİD;" KOLXƏLVƏLİ, QARAHƏSƏNLİ, DAĞKƏSƏMƏN və DÜZ QIŞLAQ kəndlərindəki 19-cu əsrə aid məsçidlər və s. Bu ərazidə daş dövrünə, tunc dövrünə və dəmir dövrünə aid abidələrin sayı-hesabı yoxdur. Bu faktlar onu göstərir ki, qədim dövrlərdə bu regionun məskunlaşma səviyyəsi kifayət qədər yüksək olmuşdur. Bütün bu arxeoloji obyektlərin ətraflı tədqiq edilməsinə və yeni qazıntı işlərinin aparılmasına ehtiyac var.
Ağstafa şəhərinin yuxarısında, Keşikçidağ silsiləsində çoban yataqlarının (yay vaxtı qoyun sürülərinin otarıldığı yerlərin) yaxınlığında erkən xristianlıq dövründə Qafqaz Albaniyasında tikilmiş müdafiə təyinatlı qala və mağara tipli monastırlar vardır. SSRİ dövründə bu zona gediş-gəliş üçün bağlı idi, çünki Zaqafqaziya Hərbi Dairəsinin hərbi hissələri orada yerləşirdi. Bu səbəbdən həmin unikal kompleks lazımınca tədqiq edilməmişdir. Oraya gediş-gəliş yox idi, mağaralardakı qədim rəsmlərin çoxu artilleriya atəşləri ilə pozulmuşdur. Qədim Azərbaycanın dövlət qurumlarından biri olmuş Qafqaz Albaniyasına aid bu kompleks hazırda respublika Milli Elmlər Ak
Yorum ekle