REGİONLARDA İSTİRAHƏT ZONALARI I. Şimal istiqaməti. Quba (Bakıdan 168 km məsafədə). Zəngin bitki örtüyü və çoxlu sayda alma bağları olan mənzərəli diyardır. Bura gələn turistlərin maraqla baş çəkdikləri yerlərdən Afurca, Kunxart və Pirbənövşə şəlalələrini, Qəçrəş, Nügədi, Təngə Altı kurort yerlərini, isti hidrogen sulfidli bulaq suları ilə doldurulmuş qədim daş hovuzlarını göstərmək olar. Sakinləri dünyanın heç bir yerində heç kimin bilmədiyi bir dildə danışan yüksək dağ kəndi olan Xınalıqda odpərəstlərin IX əsrə aid nadir məbədi qalmaqdadır. Digər memarlıq abidələrindən Ağbil kəndindəki məqbərəni, Cümə məscidini və Səkinə-xanım məscidini, qədim qüllələri qeyd etmək olar. Xaçmaz (Bakıdan 157 km məsafədə). Xəzərin düz sahilinədək sıx bitən meşələr üçün mülayim iqlim ideal şərait yaradır və şəhərin tüstü və səs-küyündən istirahət etməyə can atan çoxlu sayda turistləri özünə cəlb edir. Burada çoxlu mineral bulaqlar var, onların içərisində ən məşhuru fəvvarə vuran “İstisu”dur. Xaçmaz bölgəsi həmçinin tarixi, mədəni və memarlıq abidələri ilə zəngindir. Bunlardan qədim Xudat qala-şəhərini, Şah Abbas məscid-mədrəsəsini, Şeyx Yusif (XV əsr) məscidini, bürünc dövrünün qədim yaşayış məskənlərini və kurqanlarını, Dərbənd qalasının “Dəmir Qapılarını” göstərmək olar. Bu bölgənin ən böyük turist zonası çoxsaylı çimərlikləri, mənzərəli sahilləri, inkişaf etmiş turizm infrastrukturu olan Nabrandır. Müxtəlif səviyyəli çoxlu istirahət zonaları, kafelər, restoranlar, gecə diskotekaları Nabranda istirahəti maraqlı və yaddaqalan edir. Nabranda “Palermo”, “Qrin Villa”, “Atlant”, “Lotos”, “Akva park”, “Dalğa”, “Ober Lyuks”, “Orman”, “Palermo”, “Mayak”, Seyidli qəsəbəsində “Meşəbəyi evi”, “Mirvari”, “Elvin”, “Malibu” istirahət zonalarını təklif edilir. Şabran (Bakıdan 122 km məsafədə). Rayon Böyük Qafqazın dağətəyi zonasında yerləşən “Qalaaltı” müalicəvi mineral bulağı, ovçuluq və balıqçılıq təsərrüfatları, tarixi abidələri (qədim Çıraq Qala qalasının qalıqları, Şabran qədim yaşayış məskəni, qədim memarlıq abidələri), dağ, dərə və meşələrin əsrarəngiz mənzərələri ilə məşhurdur. Qusar (Bakıdan 180 km məsafədə). Dağıstan ilə həmsərhəd rayondur. Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir. Burada Azərbaycanın ən yüksək nöqtəsi – Bazardüzü dağı (4466 m) yerləşir. Böyük bir ərazidə dövlət qoruğu yaradılıb. Yay sərinliyi ilə fərqləndiyi halda, qış şaxtalı hava və davamlı qar örtüyü həvəskarlarını özünə cəlb edir. Siz “Alistan baba” fıstıq meşəsində və xalçaçılıq, ağac üstə oyma, tikmə sənəti kimi xalq tətbiqi incəsənət növləri ilə tanışlıq marşrutu üzrə gəzintiyə çıxa bilərsiniz. Rayonun tarixi abidələrindən XV əsrin Şeyx Cüneydə məqbərəsini, 170 il əvvəl burada olmuş rus şairi Lermontovun muzeyini xüsusi qeyd etmək olar. Ekzotik mətbəx həvəskarları kiçik yerli restoranlarda ətirli göyərtilər və kəskin ədviyyatlar əlavə edilmiş qeyri-adi dada malik zərif ət xörəklərindən dada bilərlər. Xızı (Bakıdan 104 km məsafədə yerləşir). Bakının yaxınlığında yerləşən dağ rayonudur. Mülayim quraq iqlimə malikdir. Şərqdən Xəzər dənizi ilə əhatələnən rayonun çox hissəsi meşələrlə örtülüdür. Rayonun diqqətəlayiq yerlərindən biri özünün möcüzəli formasına görə Beşbarmaq adlandırılan və çoxlu əfsanələr qoşulmuş Beşbarmaq dağıdır. Rayonda, həmçinin, Azərbaycanın təbii gözəlliyə malik olan yerlərindən biri – Altıağac yerləşib. Burada zəngin flora və faunası olan Altıağac Milli parkı yaradılıb. Rayonda çoxlu tarixi abidələr var: Başbarmaq qalasının divarları (VIII əsr), antik şəhərin və Xızı qalasının (V əsr) xarabalıqları və s.
Yorum ekle