II. Şimal-Qərb istiqaməti. Şamaxı (Bakıdan 135 km məsafədə). Şamaxının ətrafı valehedici çəmən və meşələr, dağ xizək idmanı və alpinizm üçün əlverişli olan qarlı dağlardır. Dağlarda həmçinin Pirqulu qoruğu yerləşir, N.Tusi adına astrofizika observatoriyası fəaliyyət göstərir. Şamaxı tarixi 3000 ildən az olmayan qədim şəhərdir. Bizim dövrdə turistlər Gülüstan və Qala-Buqurt qalalarının qalıqlarına, Şirvan xanlarının sərdabəsinə, orta əsr türbələrinə, iki minarəli Cümə məscidinə (743 il), qədim yeraltı hamamlı karvan – saray kompleksinə (XIV əsr) və keçmişin digər tikili və memarlıq abidələrinə baş çəkə bilərlər. Şamaxı rayonu istənilən kəndində dadına baxmaq mümkün olan desert çaxırları ilə məşhurdur. Meşə meyvələri və müalicə otlarının bolluğu ilə diqqəti cəlb edir. İsmayıllı (Bakıdan 185 km məsafədə). Burada iqlim düzən və dağətəyi zonada mülayim isti, yüksək dağlarda soyuqdur. Rayonda müxtəlif bitki və heyvan növləri qorunan “İsmayıllı” qoruğu yaradılıb. Qasımxan, Cavanşir, Qırxoşaq qalalarının qalıqları, əfsanəvi Fitdağ qalası, Xan qalası və Xanarlı kəndində “Qız qalası” (11-12 əsrlər) keçmiş və tarix həvəskarları olan bir çox turistləri özünə cəlb edir. Qəbələ (Bakıdan 225 km məsafədə). Meşələrlə örtülmüş dağlar, büllur bulaqlar, əsrarəngiz subalp və alp çəmənlikləri, yaşı 500 ildən çox olan kiçik şabalıd meşəsi müxtəlif yaşlı çoxsaylı istirahətçiləri bura cəlb edir. Burada qədim şəhərin qalıqları, türbələr və müqəddəs pirlər, məscidlər və qalalar, məbədlər, IX əsrə məxsus qədim müdafiə tikilisi və digər çoxlu sayda keçmişə məxsus abidələr vardır. Qəbələ rayonu çoxdan bəri istər qısamüddətli və uzunmüddətli istirahət, istərsə də qədim diyara ekskursiyalar təklif etməklə gələn qonaqlara xidmət göstərmək üzrə ixtisaslanmışdır. Şəki-Qax-Zaqatala regionu (Bakıdan 300-370 km məsafədə). Bu regionun ərazisi Böyük Qafqazın cənub yamacında yerləşib, fistıq, vələs, şabalıd, qoz, palıd və digər ağaclardan ibarət olan meşələrlə örtülmüşdür. Burada yerləşmiş Zaqatala, İlisu və Türyançay qoruqlarında çoxlu nadir heyvanlar yaşayır və təbii şəraitdə nadir Eldar şamı bitir. Burada bitən bəzi çinarların yası 500 ildən çoxdur. Zaqatala şəhərindəki “Dədə Qorqud” parkında isə 8 çinardan birinin yaşı 700 ilə çatır. Şəkidən şimalda Gələrsən-Görərsən ərazisində əl dəyilməmiş meşələr uzanır, bura təmiz hava ilə nəfəs almağa gəlirlər. Əsası 2600 il əvvəl qoyulmuş Şəki şəhəri çoxsaylı tarixi abidələri ilə turistləri özünə cəlb edir. Böyük memarlar tərəfindən tikilmiş qədim yaşayış yerləri, qalalar, qüllələr, məscidlər, Şəki xan sarayı, XVIII əsrin karvansarayları, həmçinin Hacı Muradın qəbri. Şəki rayonunun Kiş kəndində əsası II əsrdə qoyulmuş Müqəddəs Yelisey kilsəsi-ən qədim alban məbədi qalmışdır. Şəki sənətkarları özlərinin digər işləri, dulusçuluq nümunələri, metal və ağac suvenirləri, ipək parçaları və xalçaları ilə məşhurdur. Zəngin Şəki mətbəxi, xüsusilə onun şirniyyatları Azərbaycandan uzaqlarda da məşhurdur.
Yorum ekle