Bakı şəhəri
information
description
Bakı
Azərbaycan Respublikasının paytaxtı; Qafqaz şəhərləri arasında ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizinə ən böyük liman.Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. 2015-ci ilin yanvarında isə Bakı şəhəri ABŞ-ın "New-York Times" qəzetinin dünyanın ən gəzməli şəhərləri siyahısında 51-ci yeri tutmuşdur.Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 kilometr, ekvatora qədər olan məsafə isə 4440 kilometrdir.
Adın etimologiyası
Bakı şəhərinin adının tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. Müxtəlif dövrlərdə müxtəlif səyyahlar və tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmuşdur.Ümumiyyətlə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfalar, əhali ilə bağlı olmuşdur. Massagetlərdən Maştağa, mərd tayfalarından Mərdəkan, türklərdən Türkan qəsəbələrinin adı formalaşmışdır. Bakı adına gəlincə isə, bu ad ilk dəfə V (5-ci) əsr Bizans müəlliflərinin əsərlərində rast gəlinmişdir. O, Skif padşahlığıdan Midiyaya gedən yolda "dəniz daşından partlayan" ərazi haqqda məlumat verirdi. VIII (8-ci) əsrin erməni tarixçisi Qevond Xəzər tayfaları ilə ərəblərin toqquşmasından məlumat verərkən Atşi-Baquan ərazisinin adını çəkir. Sara Aşurbəyli bu məlumata istinad edərək bildirir ki, "Atşi" sözü "atəş" sözündəndir. Söz isə "Baquanın atəşləri" mənasını verir.Bütün ehtimallara baxmayaraq, Bakı sözünün tarixi ilə reallığa ən yaxın olan variant fars dilindən yaranan "Badi Kubə" sözünün birləşməsindən yaranmasıdır. Fars dilindən tərcümədə "Küləklər şəhəri" mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər təsdiq edir.Qafqazşünas K.P.Patkanov iddia edir ki, şəhərin adı lak sözü "baki"dən (təpə deməkdir) əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üzərində salındığından bu fikirdə müəyyən dərəcədə bir həqiqət vardır. Türklərin "İslam ensiklopediyası"nda isə bu sözün Bəy-köy türk sözlərindən düzəldiyi iddia olunur. Bəy-köy baş şəhər deməkdir. Tarixçi Əli Hüseynzadə Mahmud Kaşqarinin məşhur "Divani lüğət üt türk" əsərinə əsaslanaraq K.P.Patkanovun söylədiyi nəticəyə gəlir, o, bu əsərdə təpə mənasında işlədilən Bakı sözünə əsaslanaraq belə qərara gəlmişdi ki, Bakı təpələr üstündə salındığından şəhərin də adı bu sözdən götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru B.Budaqov da təsdiq etmişdir.