Naxcivan şəhəri
information
description
Naxçıvan
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzi.
Adın etimologiyası
Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. 1539 – cu ildə salındığını göstərmişlər.Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.
Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.
Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də Azərbaycan dilində "Naxçıvan" kimi səslənir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.
Yəhudi tarixçisi İosif Flavi yazır ki, Naxçıvan toponiminin meydana gəlməsi Nuhun əfsanəsi ilə əlaqədardır. Nuh peyğəmbər Allahın əmri ilə düzəltidiyi gəmidə öz ailəsi, götürdüyü canlılarla birlikdə xilas olmuş və indiki Naxçıvan ərazisində məskən salmışdır. Toponim "Nax" "çi" "van" olaraq 3 tərkib hissəsinə ayrılmış və "Nax" Nuh peyğəmbərin adı, "çi" türk dillərində isimdüzəldən şəkilçi, "van" isə iran dillərində məskən, yer bildirən sonluq kimi göstərilmişdir.
Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yun. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.
C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət “Akçiban” (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.
Antik dövr
Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna, İşquz və Midiya dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663 – cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi. E.ə. VI əsrin ortalarından (e.ə. 550 – ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30 – cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.
Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya - Atropatena dövlətinin tərkibində olmuşdur. Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. E.ə. I əsrdə Naxçıvan ərazisi Böyük Ermənistan çarları I Artaşes və II Tiqran tərəfindən işğal edilsə də, şəhər qısa müddət sonra azad edilmiş və artıq b. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur.
Naxçıvan ərazisi əvvəlcə Qafqaz Albaniyasının Orxistena – Araksena (Arazın orta və aşağı boyunda yerlşən tarixi vilayət), daha sonra isə Sisakan – Sünik vilayətinin tərkibinə daxil olmuşdur. Sasani hökmdarı II Şapur (309 – 379) Qafqaz yürüşü zamanı (364 – 367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı.Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş, Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.