Şirvanşahlar sarayı
Cultural
Description
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.
1964-cü ildə saray kompleksi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edildi. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhər və Qız qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir.Sarayın binası Bakıdakı təpənin ən yuxarı hissəsində, Bakının “Qala” adlandırılan ən qədim hissəsində yerləşir. Hal-hazırda o, qədim şəhər divarları ilə əhatə edilib. Saray kompleksinin yerləşdiyi ərazi kiçikdir, təqribən bir hektar sahə tutur. Sarayın yanında yerləşən tikililər sarayla birbaşa əlaqədardır. Sarayla birlikdə bu tikililər bütöv bir kompleksi təşkil edir. Kompleksə daxil olan tikililər minarəsi ilə Şah məscidi, onun yanında Şirvanşahlar türbəsi, Divanxana (şimal tərəfdən saraya bitişikdir) və Seyid Yəhya Bakuvinin türbəsidir (“Dərviş türbəsi” kimi də tanınan bu türbə sarayın cənubunda yerləşir). Əvvəllər türbənin yaxınlığında qədim məscid var idi. İndi isə onun yalnız qalıqları qalıb. Saray kompleksi tikililəri yaxınlığında həmçinin saray hamamı və ovdan yerləşir. Onlar Şirvanşahlar türbəsinin qərbində yerləşir.Kompleks təpənin yuxarı hissəsində olduğuna görə qədim şəhərdə üstün coğrafi mövqeyi var və uzaqdan nəzərə çarpır. Bakının orta əsrlərə aid binaları arasında o, memarlığın ağırlığına, tikilmə üsullarına və əzəmətinə görə fərqlənir. Keçmişdə saray bürcləri olan divarla əhatə edilmişdi və beləliklə, Bakı qalasının daxili istehkamı kimi istifadə edilirdi. Baxmayaraq ki, hal-hazırda bu divarın heç biri izi qalmayıb, ancaq XX əsrin 20-ci illərində sarayın şimal-şərq hissəsində bürcün təməllərini və divarın əlaqədar hissəsini görmək olurdu.
Şirvanşahlar dövründə
1192-ci ildə Şamaxıda zəlzələ baş verdi. Şirvanşah I Axsitan bu zəlzələdə arvadı İsmət əd-Dini, oğlu və vəliəhdi Mənuçöhrü və qızlarını itirdi. Sara Aşurbəyliyə görə bu hadisədən sonra Axsitan iqamətgahını Şamaxıdan Bakıya köçürdü. XV əsrdə Bakı şəhərinin iqtisadi və siyasi yüksəlişi ilə Şirvanşah I Xəlilullah da öz iqamətgahını Bakıya köçürdü. Şirvanşahlar sarayına daxil olan tikililərin bir hissəsi Xəlilullahın dövründə tikildi. Kompleks öz vaxtında əhəmiyyətli dərəcədə böyük ərazini əhatə edirdi. Bu ərazidə saray qulluqçuları və xidmət üçün evlər yerləşirdi.XIV əsrin sonlarında tikilmiş sarayın mərkəzi hissəsi və Keyqubad məscidi kompleksin erkən dövrdə tikilmiş binalarıdır. Saray binasına aid heç bir kitabə dövrümüzə çatmamışdır. Ona görə də onun tikilmə ili saray kompleksinə daxil olan memarlıq abidələrindəki yazılarda olan tarixlərə uyğun olaraq təyin edilir. Belə iki yazı yalnız Şirvanşahlar türbəsində və Şah məscidinin minarəsində tamamilə qorunub saxlanılıb. Hər iki yazı tikililərin ucaldılmasını əmr edən I Xəlilullahın adını çəkir. Tikinti illəri olaraq da bunlar qeyd edilir: türbədə hicri ilə 839 (1435-1436) , Şah məscidinin minarəsində 845 (1441-1442).Türbə, saray və məscid eyni materialdan istifadə edilərək tikilib, yonulma və tikilmələri də eyni cürdür. V. N. Leviatov belə nəticəyə gəlir ki, saray binası və tikililər təqribən eyni vaxtda meydana gəlib və hətta saray onlardan bir az əvvəl, XV əsrin ilk onilliklərində qurulub.Daha sonra hamam və ovdan tikilib. XV əsrin ikinci yarısında Seyid Yəhya Bakuvinin türbəsi, I Fərrux Yasarın dövründə (1501-ci ilə qədər) isə Divanxana və qərb fasadına bitişik əlavə bina tikilib.
Saray binasının hissələri eyni vaxtda ortaya çıxmayıb. Ən köhnə tikili (böyük ehtimalla XIV əsrin sonlarına aid) mərkəzi hissədə (ikinci mərtəbənin səkkizbucaqlı zalı) yerləşir. Qərb fasadına bitişik hissə bir az sonra əlavə edilib. Planında saray qarışıq fiqur təqdim edir. Qərb, şimal və şərq fasadının kiçik hissəsi yarımçıq düzbucaqlı dördbucaq əmələ gətirir; şərq fasadının qalan hissəsi və cənub fasadı iki üçüzlü fonardan təşkil edilib, onların arasındakı qırıq xətlər dörd düz bucaq əmələ gətirir.Saray binası qurulduğu dövrdən bəri 52 otağı üç dar dolama pilləkənlə birləşdirir: ilk mərtəbə 27, ikinci mərtəbədə 25 otaq (hal-hazırda ikinci mərtəbədə 16 otaq var) və ikinci mərtəbənin planlaşdırılması əsas etibarilə birinci mərtəbənin planını təkrar edir. Sarayın mərkəzi hissəsi (ikinci mərtəbənin səkkizbucaqlı zalı, portalla bəzədilmiş giriş) daha qalın divarları var. Qərb fasadında yerləşən əsas giriş hündür portalla bəzədilib. Portalın pilləkəni günbəzlə örtülmüş, hündür səkkizbucaqlı təmtəraqlı zala aparır. Güman edilir ki, bu zal qəbullar üçün istifadə edilirdi. Onun arxasında kiçik səkkizbucaqlı dəhliz yerləşir. Bu dəhliz zalı digər otaqlarla əlaqələndirir. Kənarlarda yarığabənzər dəliklər aşağı mərtəbə ilə əlaqəni təmin edir, harada ki, xidmət otaqları yerləşir. İkinci mərtəbənin zalları və otaqları daha təmtəraqlıdır. Burada pəncərələrindən Bakı körfəzinin mənzərəsi görünən cənub və şərq fasadları diqqət çəkir. İkinci mərtəbədə həmçinin şah və onun ailəsi üçün otaqlar var.Sarayın böyük daş müstəvilərinin səthi rəng, en və faktura ilə, həmçinin kiçik işıq oyuqlarındakı daş qəfəslər — şəbəkə torları ilə xarakterizə edilən hörgü sıralarının növbələşməsi ilə formalaşıb
Divanxana
Saray bağının şimal hissəsində yerləşən kiçik qapı yeri bağlı saray divanxanasına aparır. Bu tikili üç tərəfdən çatma arkada ilə əhatə edilib. Divanxananın kompozisiya mərkəzində hündür stilobatda səkkizüzlü rotonda-pavilyon[şərh 1] dayanır. Bu rotondanın zalı eyni orderin açıq arkadası ilə əhatə edilib. Azacıq sivri təpəsi olan elliptik örtük bayır tərəfdən yonulmuş daş günbəzlə qorunur. Rotondanın qərb fasadı arabeskalarla bəzədilmiş portalla fərqlənir (incə şəkildə modelləşdirilmiş stalaktitlər (və ya müqərnəslər) sisteminə əsaslanan kallenür yarımgünbəz çatma konxa). Portal stilobat üzərində yerləşən zalı sərdabə və xidmət otaqları ilə əlaqələndirən zala aparır.Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi. Abidənin hal-hazırki adı ən çox yayılmış nəzəriyyənin əsasını təşkil edir. Buna görə güman edilir ki, o, elə divanxanadır və ya sarayın qəbul otağıdır və ya hansısa “buyuruq” otağıdır. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Divanxana planının xüsusiyyətləri, yeraltı sərdabə və zala girişdə həkk edilmiş yazının məzmunu (Quran, 10-cu surə, 26-cı və 27-ci ayələr) onun xatirə yeri olduğunu göstərir. Bretaniski hesab edir ki, Divanxana XV əsrin sonunda, Şirvanşah Fərrux Yasarın dövründə tikilib, dövr hadisələri tikintinin bitməsinə imkan verməyib.Orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir.Tarixçi Sara Aşurbəyli hesab edir ki, müsəlmanlıqdan əvvəlki dövrdə divanxanananın olduğu ərazi müqəddəs yer olub. O güman edir ki, piyaləyəoxşar çuxurlar öldürülmüş heyvanların qanını saxlamaq üçün istifadə edilirdi.
Yorum ekle