1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi;" demokratik, hüquqi-dünyəvi dövlət qurulması;" bazar iqtisadi sisteminə keçid;" ölkənin ərazi bütövlüyünün təmin edilməsi;" əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı.
Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır. Liberallaşdırma prosesi 1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olunmuşdur. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdır.
Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)'' adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).
Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi daxili məhsul (ÜDM) 2,7 milyard manat olmuş, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı.. Bunun nəticəsi olaraq əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3.6 dəfə aşağı düşmüşdür. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli yüksəlmişdir. Belə ki, 1991-1995-ci illər ərzində iqtisadi fəal əhali içərisində məşğul əhalinin sayında azalma müşahidə olunmuşdur.
1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 5.7 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdur (1994-cü ildə inflyasiya səviyyəsi 1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.
Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I) maliyyə-bank sistemi iflic vəziyyətə düşdü;" (II) büdcə kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 13 faizə çatdı;" (III) bütünlüklə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu;" (IV) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi;" (V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil etdi;" (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı;" (VII) 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü;" (VIII) ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı;" (IX) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı;" (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmadı;" (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s.
1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.
Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)") və digərləri uğurla həyata keçirilmişdir. Eyni zamanda, hal-hazırda "Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər uğurla icra olunur.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilir: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması;" 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;" 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması.
Bu model üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini - göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması;" qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması;" sosialyönümlülüyün gözlənilməsi;" milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.
Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir. 2005-2009-cu illərdə isə real iqtisadi artım tempi müvafiq olaraq 26,4%, 34,5%, 25%, 10,8% və 9,3% təşkil etmişdir.
1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etmişdir. Artıq torpaq və aqrar islahatları institusional baxımdan faktiki olaraq başa çatmışdır. 1695,1 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradılmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99,8%-i özəl bölmədə istehsal olunur. Bu proses ölkədə mühüm sosial-siyasi dəyişikliklərlə yanaşı, kənd təsərrüfatı sahələrinin iqtisadi səmərəliliyinin yüksəlməsinə də təkan vermişdir. Son illərdə bir sıra ərzaq məhsulları (məsələn ət və süd məhsulları, kartof-soğan və s.) idxalının xeyli dərəcədə azalması buna bariz sübutdur.
Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi artıq başa çatmış və II özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılmış və bu proqram çərçivəsində rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin müəssisələri özəlləşməyə açılmışdır.
Sahibkarlığın inkişafı və özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar görülən tədbirlər nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi artaraq 1994-cü ildəki 29%-dən 2009-cu ildə 85%-i ötmüşdür.
Son illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu da xeyli artmışdır. 2009-cu ildə 2004-cü illə müqayisədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 1,8 dəfə çox investisiya qoyulmuşdur və bu dövr ərzində ümumi investisiyaların həcmi 48 milyard ABŞ dollarından çox təşkil etmişdir.
Bu dövrdə görülən işlər içərisində 1999-cu ilin sonunda Neft Fondunun yaradılması xüsusi qeyd edilməlidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi inkişafda yeni mərhələnin başlanmasını göstərir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir. Bu davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025-ci illər) mühüm əhəmiyyət kəsb edir.
Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin hansı siyasi sənədlərlə həyata keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır. 2009-ci ildə “Azərbaycan Respublikasının 2010-cu və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə hazırlanmışdır. Bu sənəd Azərbaycan Respublikasının 2010-2013-cü illərdə iqtisadi və sosial inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2010-cu və sonrakı üç il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır.
Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bu günkü vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur.
Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.
Yorum ekle