Qubada II Ümumrespublika kitab Festivalı keçirilmişdir |
“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” Tədbirlər Planına müvafiq olaraq respublikanın bir çox şəhər və rayonlarında II Ümumrespublika kitab Festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə bu gün Quba rayonunda ilk kitab Festivalı keçirilmişdir. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Quba rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Quba rayonunun mərkəzi meydanında açıq havada keçirilmişdir. Festivalda Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri F.Quliyeva, yazıçılar Nüşabə Məmmədli, Ələmdar Quluzadə, Sevinc Nuruqızı iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov respublikada hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində həyata keçirilən islahatlar və bu sahəyə göstərilən dövlət qayğısından danışaraq, əhalinin intellekt və bilik səviyyəsinin artırılmasında kitabxanaların böyük rolu olduğunu qeyd etmişdir. Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova öz çıxışında kitaba, mütaliəyə olan marağın artırılması və gələcək nəslin daha ziyalı və intellektli formalaşdırılması istiqamətində kitabxanaların öz işlərini yüksək səviyyədə təşkilinin vacib olduğunu bildirmişdir. Festivalda maraqlı viktorinalar, nağıl qəhrəmanlarının paradı, rəsm müsabiqəsi iştirakçıların böyük marağına səbəb olmuşdur. Rayon musiqi məktəbinin hazırladığı maraqlı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Kitab sərgisində respublikanın müxtəlif nəşriyyatları tərəfindən çap olunmuş 25 adda uşaq kitablar nümayiş etdirilmişdir. Təşkil olunmuş kitab yarmarkasında simvolik olaraq bir çox nəşriyyatlar öz kitablarının satışını da həyata keçirmişlər. Tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Beşik” nəşriyyatı nümayiş etdirdikləri bir sıra kitabları Quba rayon Uşaq Kitabxanasına hədiyyə etmişlər. |
Yorum ekle