Azərbaycan Xalça Muzeyi
Description
Azərbaycan Xalça Muzeyi
Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey.
Məzmun
Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilmişdir.XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində öz əksini tapmışdır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə" xalçası, alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini: Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvr və s. bəzəmişdir. Eləcə də bu gün Azərbaycan xalçası və xalq tətbiqi sənəti Azərbaycan Dövlət İncəsənət Muzeyində bu sənət incilərinin nadir nümunələri ilə tanış olmaq olar. Muzeyin ekspozisiyasında Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşlarına, eləcə də rəng həllinə görə diqqəti cəlb edir.Qubada toxunan xalçalardan -"Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyi, səthə taxılmış kimi görünən - toxunması belə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmi, yığcam rəng qammaları ilə insanı heyran edir. Şirvan xalçalarından - "Muğan", "Şilyan" bir növ ilk - qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür. Qarabağ xalçaları - "Xanlıq", "Malıbəyli", "Ləmpə"də yüksək kompozisiya ustalığı, ağlasığmaz fantaziya, kolorit əlvanlığı ön planda dayanır. Bakıda hazırlanan xalçalardan - "Xilə - Buta"nın, "Novxanı"nın, "Fatmayi"nin zərif cizgi rəsmi, mürəkkəb ornamentləri vardır. Olduqca böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə və Qazax məktəblərinə aid xalçalarda əsasən naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Bu naxışlar kainatın sirlərini, mistik təsəvvürləri damğalar və cizgilərin dili ilə bizlərə yetirirlər. Təbriz xalçalarından - "Sərabi", "Əfşan", "Ləçək - Turunc"da dairəvi və ya spiralvari plastik formaların dekoru, dünyanm əbədiliyi, gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradır. Azərbaycan Xalça Muzeyi Azərbaycanın məhz belə nadir sənət nümunələrini öz kolleksiyasında toplamışdır.Bundan başqa muzeyin ekspozisiya və fondlarında palas, cecim, kilim, şəddə, zili, ladı, vərni və sumax daxil olan bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalar, məişətdə geniş uteletar əhəmiyyət kəsb etməklə yanaşı yaraşıqlı bəzək elementləri ilə toxunulmuş məfrəş, xurcun, heybə, çanta, çul, xaral və s. kimi xalça məmulatları da toplanmışdır.Muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir. Onların içərisində tunc dövrünə aid edilən tunc və keramikadan düzəldilmiş, üzəri həndəsi və zoomorf naxışlarla bəzədilmiş qablar, silahlar, bəzək əşyaları və s. arxeoloji nümunələr, XIV əsrə aid bədii metal və s. daha çox diqqəti cəlb edir.Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, 10-dan artıq toxunma növünü, onun sirlərini öyrənmək və əyani tanış olmaq olar. Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir. Muzeyin zəngin maddi və elmi bazası əsasında 1983-1988-d və 2003-cü illərdə "Şərq xalça sənəti", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II və III beynəlxalq simpoziumlar keçirilmişdir.Azərbaycanın mədəni irsinin uzaq və yaxm xaricdə təbliğ edilməsi məqsədilə muzey Respublikada və 30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil etmişdir. Bunlarm sırasında Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, Türkiyə və s. ölkələri göstərmək olar.
Muzeydə qonaqlara bəyəndikləri əşyanın önündə rəngarəng və zövqlə tikilmiş Azərbaycan milli geyimlərindən istifadə edərək xatirə olaraq foto və video çəkilişlərin aparılması üçün şərait yaradılmışdır. Muzeydə müxtəlif növ və çeşnidə xalçaların toxunulması və suvenirlərin hazırlanması üçün sifarişlər qəbul olunur, xalça və xalq tətbiqi sənətinin müxtəlif mövzularına dair mühazirələr, ekskursiyalar, müsabiqə, sərgilər eləcə də xalça toxunan bölgələrə etnoqrafik turlar təşkil edilir. Muzey buklet, bələdçi, kataloq və s. materiallar nəşr edir. Muzeyin zəngin elmi bazası əsasında müxtəlif mövzularda təhsil, folklor proqramları təşkil olunur. Bu proqramlarda maraqlı etnoqrafik səyahətlər, milli xalq ənənəsi üslubunda bədii gecələr və s. təşkil edilir. Eyni zamanda gənc nəslin tədris proqramında yaxından iştirak etmək, onların estetik zövqünün inkişafı, tarixi-bədii ənənələrimizin öyrədilməsi, təsviri sənət, bədii tikmə sənəti, xalça toxuma ənənələrinin incəliklərinin öyrədilməsi məqsədilə muzey təhsil proqramı hazırlamış və bu proqram əsasında da məktəblilərlə iş aparır. Muzeyin Şuşa filialı Şuşanın işğalından sonra, 1992-ci ildən etibarən öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.
Yorum ekle