Bakı şəhər Zooloji Parkı
Description
Bakı şəhər Zooloji Parkı
Azərbaycanda yeganə mədəniyyət idarəsidir ki, burada əhaliyə istirahət etməklə yanaşı müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradılmışdır.
Tarixi
Rəsmi məlumatlara əsasən Bakı heyvanat parkı 2 yanvar 1942-ci ildə yaradılmışdır. Respublika Milli Arxivində sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Bakı şəhərində belə bir parkın yaradılması üçün müxtəlif cəhdlər göstərilmişdir. 1928-ci ildə Bakı şəhərinin keçmiş Lunaçarski, hal-hazırkı Nizami parkında belə bir guşə fəaliyyət göstərmişdir.
Strukturu
Hal-hazırda Bakı heyvanat parkının ərazisi 4.25 hektardır.
Bakı heyvanat parkında 4 şöbə fəaliyyət göstərir:
Zooloji şöbə
Teriologiya şöbəsi
Ornitologiya şöbəsi
Akvanarium və terrarium şöbəsi.
Heyvanat parkının 44 işçisi var.
Müasir vəziyyəti
Hal-hazırda Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılır.
Bakı heyvanat parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır.
Bakı heyvanat parkında adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan və nadir növlər gətirilib saxlanılır. Bunlara ceyran, Dağıstan turu və nəcib maral, qırmızı canavar kimi heyvanlar daxildir. Heyvanat parkında olan yırtıcı quşların əksəriyyəti – berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib, qorunur. Sürünənlərdən Aralıq dəniz tısbağası yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.
Heyvanat parkımızda heyvanların növlərinin sayının artırılması əsasən xarici zooparklarla mübadilə yolu ilə aparılır.
Bakı heyvanat parkı 1995-ci ildən "Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyası"-nın üzvüdür.
Xidmət
Bakı Heyvanat parkında heyvanları müşahidə etməkdən əlavə, müxtəlif əyləncə formaları da var ki, bunların sayəsində parkda istirahət etmək daha da maraqlı olur. Belə əyləncə formalarına ponidə gəzinti, müxtəlif attraksionlar aiddir. Gəzintiyə gəlmiş insanlara şəkil çəkdirmək, çay və ya qəhvə qəbul etmək üçün də şərait yaradılmışdır.
Bakı Heyvanat parkı səhər saat 09:00-dan axşam saat 19:00-dək fəaliyyət göstərir.
Yorum ekle