Fəxri xiyaban
Description
Fəxri xiyaban
Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleks. 1948-ci ildə Bakı şəhərinin dağlıq hissəsində, Yasamal rayonu ərazisində yaradılmışdır.Fəxri xiyabanda dəfn olunanlar, əsasən Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlardır.Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, yüksək vəzifəli partiya işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunmuşdur Həmçinin, dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da vardır.
Yaranma tarixi
Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmış və həmin tarixdən Fəxri xiyabanın qurulmasına başlanmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri — Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülmüş və onların qəbirüstü abidələri qoyulmuşdur. Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.Fəxri xiyaban yaradıldıqdan sonra Azərbaycanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn edilmişlər. Hazırda Fəxri xiyaban vətəndaşların və xarici qonaqların ziyarət yerinə çevrilmişdir.Sovet dövründə və müstəqillik illərində Azərbaycan Respublikasında yüksək vəzifələr tutmuş, o cümlədən dövlət başçıları, parlament sədrləri, nazirlər, deputatlar, xalq yazıçıları və şairləri I Fəxri Xiyabanda dəfn olunurlar.Hazırda I Fəxri Xiyabanda 251, II Fəxri Xiyabanda isə 500-dən artıq mərhum dəfn olunub.
Yorum ekle