ŞİMAL MARŞRUTU: XIZI - SİYƏZƏN - DƏVƏÇİ - QUBA - XAÇMAZ - NABRAN - QUSAR
XIZI
XIZI RAYONU Azərbaycanın Quba-Xaçmaz adlanan regionunda yerləşir. Respublikanın dağlıq relyefə malik olan inzibati rayonları arasında Bakıya ən yaxını Xızıdır: Bakı ilə Xızı arasında məsafə cəmi 70 km-dir. Bu bölgədə iqlim mülayim-isti olub yağıntılar az düşür. Rayonun şərq hissəsi Xəzər sahilləridir.
Xızıya gedən yolda, BAKI-ROSTOV şosesindən 10 km aralıda çox maraqlı bir təbii hadisə müşahidə etmək olar: müxtəlif geoloji süxur layları təpəliklərin səthində çox özünə məxsus rəngi ilə seçilən landşaft yaradır. Mütəxəssislər bildirirlər ki, buna oxşar geoloji hadisəyə yer kürəsində buradakından başqa yalnız bir yerdə rast gəlmək olar- ABŞ-dakı Ölüm vadisində.
Respublikanın ən gözəl qoruqlarından biri olan "ALTIAĞAC" qoruğu Xızı rayonunda yerləşir. Onun ərazisinin 90 %-i meşələrdən ibarətdir. Bu qoruq Böyük Qafqazın cənub-şərq yamaclarındakı nadir heyvan və bitki növlərini qoruyub saxlamaq və burada baş verən eroziya proseslərinin qarşısını almaq üçün yaradılmışdır. Şirvanşahların hakimiyyəti dövründə salınmış karvan düşərgələrindən biri burada yerləşirdi. "Altıağac" adının mənası isə "6 ağac" sözləri ilə bağldır: iş burasındadır ki, "Ağac" sözu qədim uzunluq vahidi olub təxminən 7 kilometrə bərabərdir.
Altıağacdan ŞAMAXI şəhərinə qədər məsafə 42 km, yəni "6 ağac" olduğu üçün bu yer belə adlandırılmışdır. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçmişdir. Piyada turizm həvəskarları hələ də buradan MƏRƏZƏYƏ və ŞAMAXIYA turist səfərləri edirlər. YAŞMA yasaqlığı da Xızı rayonunun ərazisində (Sumqayıt şəhərinin yaxınlığında) yerləşir. Sahəsi 4 hektara bərabər olan bu yasaqlığda su quşları ovlamaq və balıq tutmaq üçün əlverişli şərait var.
Rayonun inzibati mərkəzi XIZI ŞƏHƏRİDİR. Onun əhalisinin sayı 13.500 nəfər, Bakıdan məsafəsi 104 km-dir. Xızı Azərbaycanın məşhur yazıçısı və dramaturqu, milli kino sənətinin inkişafı üçün böyük işlər görmüş Cəfər Cabbarlının vətənidir. Hazırda Azərbaycan Dövlət Kinostudiyası onun adını daşıyır. Azərbaycanın tanınmış mədəniyyət xadimləri Mikayıl Müşfiq və Cabir Novruz da əslən Xızıdandır. Buraya gələn səyyahlar, turistlər və sadəcə istirahət edənlər üçün şəhərin yaxınlığında "CƏNNƏT BAĞI" adlı gözəl istirahət zonası yaradılmışdır. Bu zona dağ meşəsində, ATAÇAY çayının sahilində, ALTIAĞAC qoruğunun lap yaxınlığında yerləşir. Xızıdan 8 km aralıda isə "QIZILQAZMA" adlı daha bir istirahət zonası var.
SİYƏZƏN
SİYƏZƏN RAYONU Azərbaycan paytaxtından şimalda, Xəzər dənizinin sahilləri boyünca yerləşmişdir. İqlimi quru yarımsəhra iqlimi, landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Heyvanat aləmində canavar, çöl pişiyi, çaqqal, dovşan və digər növlər çoxluq təşkil edir. Sahilyanı zonada su quşlarının bir neçə növünə rast gəlmək olar. GİLGİLÇAY və ATAÇAY çayları bu rayonun ərazisindən axır.
İlkin orta əsrlər dövründə Xəzəryanı müdafiə istehkamlarının ikinci xətti buradan keçirdi (həmin istehkamların birinci xətti Dərbənddədir). Bu xətt Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilmişdir. GİLGİLÇAY MÜDAFİƏ İSTEHKAMI həm də YUNESKO tərəfindən "XƏZƏRYANI MÜDAFİƏ İSTEHKAMLARI" kompleksində Ümumdünya mədəni abidələr irsinin siyahısına daxil edilmək üçün tövsiyə olunmuşdur. Arxeoloqlar müəyyən etmişlər ki, Gilgilçay müdafiə istehkamının tikintisi lap çoxdan, hələ eramızdan əvvəl başlanmış, sonrakı dövrdə bu istehkamda daim əlavə tikinti işləri aparılmış və istehkam daha da möhkəmlədilmişdir.
İstehkam divarları bilavasitə dənizin içində başlanır (uzun illər boyu Xəzərdə suyun səviyyəsi vaxtaşırı dəyişikliklərə məruz qalmışdır). Bir neçə kilometr uzanan qala divarları möhtəşəm ÇIRAQQALA KEŞİKÇİ QÜLLƏSİNDƏ (V əsr) başa çatır. Bu qülləyə qalxmağa dəyər: onun tarixi əhəmiyyəti öz yerində, dağın zirvəsindən baxanda dənizə və ətrafdakı dağlara çox gözəl bir mənzərə açılır.
Burada, dənizlə Qafqaz dağlarının ətəkləri arasında Azərbaycandan şimaldakı digər ölkələrə gediş-gəliş üçün rahat bir keçid var. Ta qədim dövrlərdən Xəzər keçidi adlanan bu ərazidən həm qonşu dövlətlərdən, həm də uzaq ellərdən gəlmiş işğalçılar ölkəmizin ərazisinə soxulurdular. Onlar Azərbaycana basqınlar edir, Bakı limanında qarətlər törədir, bəzən ölkənin lap içəri hissəsindəki rayonlara da gedib çıxırdılar. Buna görə də həmin istehkam tikilisi müdafiə xarakterli olub Abşerona (Bakıya) və daha sonra qədim Azərbaycanın butun sərhədyanı regionlarına siqnal çatdırmaq üçün istifadə edilirdi. İstehkam divarlarının ölçüləri və müdafiə təyinatlı olması (o, böyük ipək yoluna keçidləri də qoruyurdu) onu Böyük Çin Səddi ilə müqayisə etməyə imkan verir, lakin bu obyekt hələ də bərpa edilməmişdir.
Çıraqqala qülləsindən bir qədər aralıda yerləşən QALAALTI kurort şəhərciyində Çıraqqala sanatoriyası diqqəti cəlb edir. Onun ərazisində müalicəvi əhəmiyyətə malik olan kükürdlü mineral su bulağı var. Bu su sidik kisəsində və öd kisəsində daş olan xəstələr üçün xüsusilə faydalıdır. Sanatoriyaya gedən yol boyunca çoxsaylı kababxana, kafe və kiçik kempinqlər yerləşir. Onların əksəriyyəti yalnız yay vaxtı işləyir.
ZARAT kəndinin yaxınlığında Beşbarmaq adlı digər müdafiə istehkamının fraqmentləri salamat qalmışdır. Xalq arasında bu qalıqlar Xızırzində baba adlanır. Sedan kəndinin yaxınlığında isə Dindar qalasının qalıqları diqqəti cəlb edir.
Bu regionda xalçaçılıq, ağac üzərində naxışlı oyma, xalq çalğı alətlərinin hazırlanması kimi sənətkarlıq növləri geniş inkişaf etmişdir. Rayonun mərkəzi Siyəzən şəhəri Bakıdan 103 km məsafədədir. Onun əhalisinin sayı 34.500 min nəfərdir.
Siyəzəndə mehmanxana yoxdur. Ona görə də buraya gələnlər xüsusi evlərdə, ya da şəhərdən bir qədər aralıda yerləşən Çıraqqala sanatoriyasında qala bilərlər. Siyəzəndə nahar etmək istəsəniz "GÖRÜŞ", "ZƏFƏRAN" və ya "ÇIRAQQALA" restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz. Şəhər xəzər dənizinin yaxınlığında yerləşdiyi üçün bu restoranlarda ət və tərəvəz xorəklərində əlavə geniş çeşiddə balıq xorəkləri də təklif edilir.
DƏVƏÇİ
Bakıdan şimal tərəfdə yerləşən DƏVƏÇİ RAYONUNUN şərq sərhəddi Xəzərin sahilləri boyunca uzanır. Rayonun bu cür adlanması çox ehtimal ki, burada dəvə karvanı yollarının çox olması ilə əlaqədardır. Vaxtilə bu regionun sakinləri dəvə saxlayır, qonşu regionlardan buraya yerli bazarlara gələnlər isə təkcə dəvə deyil, həmçinin quş, heyvan, yağ və süd məhsulları, bal, yun (dəvə və qoyun yunu), xalça da alıb satırdılar. Bundan əlavə karvana qoşulmaq və ya özləri üçün dəvə və sarvan kirayə etmək üçün gələnlər də olundu.
Dəvəçi rayonunun ərazisində dəniz sahilindən 12 km məsafədə Ağzıbir adlanan ovçuluq təsərrüfatı yaradılmışdır. Sahəsi 1180 hektar olan bu təsərrüfatda su quşları və balığ ovlamaq olar. Ağzıbirdə yerləşən qarşılıqlı əlaqəli üç gölün dənizə çıxışı var. Burada ovçuları qəbul etmək üçün balaca evlər və qayıqlar da var. Rayonda meşələr çoxdur (21.500 hektar) bu meşələrdə ayı, tülkü, canavar, çaqqal, qaban və ceyran yaşayır. Quşlardan, o cümlədən su quşlarından turac, kəklik, qaz, ördək, durna, qarabatdaq, qaşqaldaq və digər növlərə rast gəlmək olar. Ərazinin relyefi çox müxtəlifdir. Burada düzənlik, dağətəyi bölgələrlə yanaşı qayalar və dağlar da var. Keçiqaya adlanan yer həm turistlər, həm də yerli sakinlər arasında çox populyardır. Burada qayaların arasından çay axır, tərkibində çoxlu kükürd olan mineral bulaqlar diqqəti cəlb edir. Rayondakı tarix arxeoloqiya abidələrindən ən məşhuru Şahnəzərli kəndinin yaxınlığında yerləşən Şabran şəhər yeridir (5-18 əsrlər). Şabran orta əsrlərdə Azərbaycanın ən iri ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Burada ipək istehsalı, dulusçuluq və şüşəüfürmə sənəti xüsusilə yüksək dərəcədə inkişaf etmişdir. 20-ci əsrin 80-cı illərində bu ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində həm yerli, həm də başqa ölkələrdən gətirilmiş olan çoxlu keramika məhsullarının aşkar edilməsi onu göstərir ki, Şabran şərqin bir sıra ölkələri ilç ticarət əlaqələrinə malik olmuşdur. Aorxeoloji qazıntılar zamanı 14-cü əsrdə tikilmiş su kəmərinin fraqmentləri də aşkar edilmişdir. Bu kəmər şəhərdən 10 km-dən çox məsafədə yerləşən bulaqdan içməli su ilə şəhəri təchiz edirmiş.
Gəndob kəndində Gülüstani İrəm şəhər yeri (18-19-cu əsrlər) yerləşir. Dəvəçi rayonunda bizim eradan əvvəl 3-2-ci minilliklərə aid edilən çoxsaylı arxeoloji obyektlər tapılmışdır. Qazıntılar zamanı aşkar edilmiş materiallarla Dəvəçi şəhərindəki tarix-diyarşünaslıq müzeyində tanış olmaq mümkündür.
Rayonun inzibati mərkəzi olan Dəvəçi şəhəri Bakıdan 122 km məsafədə yerləşir. Əhalisinin sayı 47.200 nəfərdir. Yerli "PİRƏBƏDİL" və "HERAT PİRƏBƏDİL" xalçaları mütəxəssislərin təsnifatına görə Quba xalça məktəbinə aiddir. Orijinal və bənzərsiz olması ilə seçilən bu xalçalar əl ilə toxunmuş xalça məmulatları həvəskarları arasında məşhurdur.
QUBA
QUBA RAYONU Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq hər bir azərbaycanlı "Quba" dedikdə onun alma bağları yada düşür. Bakı bazarlarında alma satan adamlar öz mallarını tərifləyərkən hökmən onun Quba alması olduğunu vurğulayırlar. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemşan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.
Qubanın ətrafında mənzərəli güşələr çoxdur. Qəçrəş, Balbulaq, həmçinin dərinliyi 400 metirdən 600 metirə qədər olan Təngəaltı yarğanı xüsusilə populyar olub turistlərdə daha çox maraq doğurur.
Vəlvəliçay üzərindəki məşhur AFURCA ŞƏLALƏSİ Azərbaycanın təbii abidələrinin siyahısına daxil edilmişdir və dövlət tərəfindən mühafizə olunur. Burada öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən başqa şəlalələr də var. Bu mənzərəli yerləri turist cığırları ilə gəzib dolaşmağın özgə ləzzəti var. Dağlara tərəf qalxdıqca hündür ağaclar kollarla əvəz olunur, daha yuxarında-Xaşiçay çayının sahilində isə dağ dərəsindəki qayalardan termal sular süzülür. Haçansa lap qədim vaxtlarda bacarıqlı sənətkarlar burada bir başa qaya süxurunda üç ədəd oyuq açaraq özünəməzsus vannalar düzəltmiş və onların kənarını daşla hörmüşlər. Buraya gələnlər həmin vannalarda kükürd-hedrogen tərkibli şəfalı isti suda çimə bilərlər. Səriştəli adamların dediyinə görə bu təbii daşdan hazırlanmış vanna suyun şəfalı təsirini daha da artırır.
Vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahətə gələrkən bu yerlərdə də olmuşdur. O, yolun yaxınlığında düşərgə salarkən bir qədər dincəlmək və qəlyanaltı etmək məqsədilə yaxınlıqda düşərgə salmış qubalılar onu öz tonqallarının yanına dəvət edirlər. Qubalıların qoyunu necə məharətlə kəsib təmizləmələri və Dumanı kababa qonaq etmələri ona çox güclü təsir bağışlayır. Zəmanəmizin ən böyük səyyahı sayılan norveç alimi Tur Xeyyerdal da Azərbaycana gələrkən Qubaya da getmişdir. O, belə hesab edirdi ki, "Edda" eposunda adları çəkilən "aslar" azərbaycanlıların qədim əcdadları olmuş və xalqların böyük köçürülməsi dövründə Avropanın şimalına gedib çıxmışdılar. Quba rayonunda Qubadan 65 km məsafədə uca dağlar qoynunda (dəniz səviyyəsindən 2500 metr yüksəkliydə) yerləşən Xınalıq kəndinin əhalisi ayrıca unikal etnik qrupdur. Xınalıqlıların qədim dili dünyadakı müasir dillərin heç birinə oxşamır. Xınalıqlılar Azərbaycan dilində də danışırlar, lakin öz dillərini qoruyub saxlamışlar. Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, ümumiyyətlə bəşər tarixində ən maraqlı etnoqrafik müəmmalardan biridir.
Xınalığın yaxınlığında müqəddəs ziyarətkah yerləşir. 9-cu əsrə aid olan bu ziyarətkahda yerin altından təbii od çıxır. Buna görə də xalq arasında bu yeri Atəşkaş adlandırırlar. Buduq kəndində də bənzərsiz bir etnik qrup yaşayır. Bu insanlarında çox nadir bir dili var. Daxma adlanan qədim tikili salamat qalmışdır. Zərdüştilik dövrünə aid olan və xalq arasında "Sükut qülləsi" deyilən bu qüllələr zərdüştilərin dəfn mərasiminin icrası üçün nəzərdə tutulmuşdur.
Quba şəhəri Qudyalçay çayının sahilində və Böyük Qafqaz silsiləsinə daxil olan Şah dağın şimal-şərq yamaclarında yerləşir. Quba rayonunun inzibati mərkəzi olan Quba şəhərinin əhalisinin sayı 140.000 nəfər, Bakıdan məsafəsi 168 km, dəniz səviyyəsindən yüksəkliyi 600 metrdir. Quba şəhərinin və Quba xanlığının tarixi, bu diyarı məşhurlaşdırmış insanlar barədə yerli tarix müzeyində ətraflı məlumat almaq olar. Azərbaycanın məşhur ictimai xadimi, yazıçı və maarifçi Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də buradadır. Bakıxanovun kitablarından biri - "Gülüstani-irəm" əsəri Azərbaycanın tarixinə həsr edilmişdir. Mahiyyət etibarilə bu kitab Azərbaycan tarixinə aid ilk elmi əsərdir. Qubada xalçaçılıq mərkəzi də var.
Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Şəhərdə SƏKİNƏ XANIM MƏSÇİDİ, CÜMƏ MƏSÇİDİ, 16-cı əsrə aid məqbərə, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılmışdır. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəxzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş FƏTƏLİ XAN çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvəlr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.
Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi. Və 19-cu əsrin əvvələrində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
Quba kiçik şəhərdir, lakin Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən indiki Quba rayonunun ərazisi son dərəcədə mənzərəlidir və şəhərdən kanara çıxan kimi bu gözəlliklər aləminə qərq olacaqsınız. İstər azərbaycanlı istərsə də əcnəbi turistlər bu regionu heç vaxt diqqətdən kanarda saxlamırlar. Bakılılar isə, xüsusən Qubada istirahət etmək üçün oraya öz maşınlarında gələnlər çox vaxt Qubadan Yalama dəniz sahilində, Qubadan çox da uzaqda olmayan istirahət zonasına baş çəkirlər. Yalamada (Nabran) istirahət edənlər də öz nöbəsində Xəzər sahilində istirahətin zövqünü Qubanın dağətəyi meşələrinin ləzzəti, çoxsaylı bulaqların və təbii mənzərələrin seyr edilməsi fürsətini əldən vermirlər. Quba rayonu ölkəmizin ən gözəl güşələrdən biridir. Onun paytaxta yaxın, meşə zonasının Xəzər sahilləri ilə qonşuluqda yerləşməsini, burada çoxsaylı turist bazaları və istirahət zonaları olduğunu da nəzərə alsaq bu rayon ölkənin rekreativ zonası kimi çox böyük əhəmiyyət kəsb edir.
Qubaya gələnlər buradakı "ŞAHDAĞ" mehmanxanasında, eləcədə yaxın vaxtlarda tikilmiş Olimpiya Kompleksinin kotteclərində və mehmanxanasında qala bilərlər. "Olimpiya" kompleksində örtülü üzgüçülük hovuzu (uzunluğu 50 m), açıq səma altında stadion, komanda idman növləri üçün nəzərdə tutulan örtülü stadion, trenajor zalı, tennis və mini futbol meydançaları vardır.
"LONG FOREST" İSTİRAHƏT ZONASI
Burada ağacdan tikilmiş və mebellə təchiz olunmuş 10 şale, milli, hind və avropa mətbəxi xorəkləri təklif edilən restoran, bar, işgüzar görüşlər və seminarlar keçirmək üçün konfrans zalı, sauna və buxarxana, trenajorlar və hovuz sizin xidmətinizdədir. İdmanla məşğul olmak üçün dağ velosipedləri, bilyard, stolüstü tennis və digər vasitələr təklif olunur.
ÜNVAN: Quba rayonu, Alpan kəndi
Bakıdakı ofis: Rəsul Rza küçəsi, 2
Tel.: (99412) 493-08-07, (99450) 363-00-85, 332-50-77
e-mail: [email protected]
İnternet səhifəsi: www.ata.az
Bundan əlavə, tarixi abidələrə baxmaq üçün at belində ekskursiyalar və gəzintilər də təşkil edilir. Qubada bir neçə istirahət zonası var: "QUBA", "CƏNNƏT BAĞI", "MİNARƏ". Bakı-Quba yolu boyunca yerləşən çoxsaylı kababxanalarda, Qubadan 7-9 km məsafədə, Qudyalçayın sahilində yerləşən Qəçrəş meşə massivində də nahar etmək imkanı var. Yol boyunca çoxlu kafe, restoran və müxtəlif istirahət zonalarında "Toqqanın altını bərkidmək" mümkündür.
XAÇMAZ
Samur-Dəvəçi ovalığının bir hissəsinin tutan XAÇMAZ RAYONU Azərbaycanın şimal-şərqində yerləşib şimal tərəfdən Rusiya ilə həmsərhəddir.
Magistral şosse yolu və Bakı-Moskva dəmir yolu bu rayonun ərazisində keçir. Rayonun iqlimi mülayim isti, yarımsəhra və quru çöl iqlimidir. Lakin rayon ərazisində 20 hekdardan artıq sahə başdan-başa meşələrlə örtülmüşdür. Burada bir neçə çay, 3 süni göl, çoxsaylı, o cümlədən termal və mineral bulaqlar var.
Dağıstanla sərhəddə əvvələr bir yol olmuşdur. İşğalçı skif, alan və hunn tayfaları bu yol ilə gedib gəlirmiş. İndiki Xaçmaz rayonun ərazisinə gedib çatan xəzəryanı müdafiə istehkamı məhz bu məqsədlə tikilmişdir. 18-ci əsrin əvvələrində qədim şəhər-qalalardan biri - Xudat (bu sözün mənası "Allah vergisi" deməkdir). Quba xanlığının paytaxtına çevrilmişdir. Xudat şəhəri yaxınlığında yeraltı su ehtiyyatları xüsusilə çoxdur. 1914-cü ildə buradakı Şollar kəndindən Bakıya içməli su kəməri çəkilmişdir.
Rayonun bütün ərazisində neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilmişdir. Alimlərin fikrincə, "XAÇMAZ" toponimi gəlmə Hunn tayfalarından olan Xaçmatak və ya Xaçmat tayfalarının adı ilə bağlıdır. Sonradan onlar yerli əhali ilə qaynayıb qarışmışdır. Maraqlıdır ki, bu qəbilələrdən biri Xaçmaz rayonunun ərazisindən indiki Oğuz rayonuna köçmüş və orada eyni adlı Xaçmaz kəndi, daha sonra Xaçmaz qalası yaratmışlar.
Bu regionda təqribən 60 yaxın tarix və mədəniyyət abidəsi salamat qalmışdır. Lakin arxeoloqların fikrincə bu cür abidələrin sayı qat-qat çox olmalıdır, çünki lap qədim vaxtlardan bu regionda əhali sıx məskunlaşmışdır. Molla Bürhan, Hülövlu, Qaracıq, Həsənqala kəndlərinin yaxınlığında tunc dövrünə aid insan məskənləri və Kurqanlar, canaxır və Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məkənləri aşkar edilmişdir. Şıxlar kəndindəki Şeyx Yusif məsçidi (15-ci əsr) memarlıq-məqbərə komplekslərinin yarandığı ilk dövrlərə aiddir. Sonradan- 16-17-ci əsrlərdə bu cür komplekslər daha geniş yayılmışdır. Moruqoba, Tağaroba, Uzunoba kəndlərində 19-cu əsrə aid məsçidlər, Qaraqortlu kəndində 15-ci əsrə aid məsçid və mədrəsə salamat qalmışdır.
Xaçmaz rayonunun inzibati mərkəzi Xaçmaz şəhəridir. Onun Bakıdan məsafəsi 157 km, əhalisinin sayı 148.400 nəfərdir. Burada ənənəvi xalq sənəti növlərindən xalçaçılıq daha geniş inkişaf etdiyi üçün yerli litseydə məxsusi fakültə açılmışdır. Gənc ustaların incə barmaqları ilə hecazkar xalça naxışlarını necə toxumalarına tamaşa etmək üçün buraya tez-tez qonaqlar gəlir. Bu xalçaların naxışları əsrlər boyu nəsildən-nəsilə ötürülərək hələdə qorunub saxlanılmışdır.
Xaçmaza gələnlər buradakı "Xaçmaz" mehmanxanasında qala bilərlər (telefon 3-40-40). Xaçmaz rayonunun ərazisində ölçülərinə və abadlığına görə respublikada ikinci yeri tutan istirahət zonası yerləşir. Xəzərin sahilləri boyunca Muxtadır qəsəbəsindən Nabran qəsəbəsinə və bir qədərdə uzağa doğru ərazini tutan bu itsirahət zonasında çoxlu turist bazaları və pansionatlar yerləşir.
NABRAN
Nabran - Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir-"Lüks" tipli rahat mehmanxanalardan, bir neçə nəfən üçün nəzərdə tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə qədər geniş seçim imkanı var.
"GREEN VİLLE" İSTİRAHƏT ZONASI
Meşədə, Xəzər dənizinin sahilində yerləşən bu istirahət zonasında hər biri dörd ayrıca nömrədən ibarət olan 18 komfortabelli kottec vardır. Hər bir kottec 2-12 nəfər üçün nəzərdə tutulmuşdur. Burada əla istirahət etmək üçün hər şey var-restoranlar, konfrans zalı, barlar, yaşlılar və uşaqlar üçün hovuzlar, uşaq meydançası, tennis kortu, voleybol, basketbol, futbol meydançaları, bilyard, stolüstü tennis, baqminton………
Ünvan: AZ 2724, Xaçmaz rayonu, Nabran qəsəbəsi.
Mob: (+994 50) e-mail: [email protected]
Bakıdakı ofisin ünvanı:
AZ 1007, M. P. Vaqif pr-ti, 3/139,
Tel./Faks: (+994 12) 596 37 57,
Mob: (+994 50) 225 53 13.
"Asiman" MMC.
"PALMA" İSTİRAHƏT DÜŞƏRGƏSİ
Burada hər birinin içərisində kondisioner, televizor, bar, və telefon olan 30 abad kottec, yaşlılar və uşaqlar üçün hovuzlar, idman meydançaları, konfranslar keçirmək üçün zal, restoran və bar var.
Ünvan: Xaçmaz rayonu, Nabran, Seyidli kəndi.
Telefon: (99455) 791-11-04, 789-89-92.
"LOTOS" İSTİRAHƏT ZONASI
Meşədə, çimərliyin yaxınlığında yerləşir. Zonanın ərazisi 1,2 hekdardır. Burada hər cür şəraiti (telefon, televizo, soyuducu) olan 14 kottec, restoran (isveç stolu), diskoteka və banket zalı vardır.
Ünvan: Xaçmaz rayonu, Nabran
Telefon: (99450) 324-74-59, (99455) 780-74-23.
"ATLANT" İSTİRAHƏT ZONASI
Xəzərin sahilində meşədə yerləşir. 2 və 3 otaqlı rahat kottecləri, restoran, diskoteka, bar, müalicəvi əhəmiyyətli bulaqları, hovuzlar, idman meydançaları, avtobusda, ciplərdə və ya piyada ekskursiyalar təklif olunur. Uşaqlar qayıqla və katamaranla gəzintiyə çıxa bilərlər.
Ünvan: Xaçmaz rayonu, Nabran
Telefon: (99450) 375-47-47, 810-47-47
Bakıdakı ofisin telefonu: (99412) 462-58-56, faks: (99412) 441-58-48.
QUSAR
Rayonun əhalisinin sayı 183.500 nəfər, rayon mərkəzi - Qusar şəhəri, onun əhalisinin sayı 15.800 nəfərdir. Dağıstanla həmsərhədd olan Qusar rayonu Azərbaycanın şimal-şərqində Xudat dəmir yolu stansiyasından 35 km məsafədə yerləşir. Rayonun adı "Qusar" sözü vaxtilə bu ərazidə yaşamış, sonradan tarixi etnogenez nəticəsində yox olmuş "Xisar" qəbiləsinin adından yaranmışdır. İndi bu rayonda əsasən ləzgi millətinin nümayəndələri yaşayır.
Bu diyarın landşaftı meşələrlə örtülü dağların və dərələrin bir-birini əvəz etməsi ilə əlamətdardır. Burada enliyataqlı ağaclar-vələs, palıd, qayın ağacları daha çox yayılmışdır. Çay yataqlarındakı Tuqay meşələrində əsgil, sumax, yemşan, itburnu, yabanı meyvə ağacları, yabanı üzüm, müxtəlif növ dərman bitkiləri yetişir. Burada "ALISTAN BABA MEŞƏSİ" deyilən qayın meşəsi (sahəsi 7 hektar) dövlət tərəfindən mühafizə olunur. Qusar rayonunun faunası da zəngindir. Burada canavar, ayı, qaban, dağ keçisi, qartal, bayquş və digər quşlar və heyvanlar yaşayır. Faunanın ov və ov sənaye növlərinin qorunub saxlanması və onların baş sayının bərpa edilməsi məqsədi ilə "Qusar" yasaqlığı yaradılmışdır (sahəsi 15 min hektar).
Dağ dərələrində gözəl şəlalələr var. Onların ən çox populyar olanları Laza və Şahnabaz şəlalələri turistləri və qafqazın yabanı təbiətinin həvəskarlarını buraya çox cəlb edir. Qusar rayonunun dağları və zirvələri alpinistləri cəlb edir. Yerli şəlalələr isə son illərdə qış fəslində buzlu dağlara dırmaşmağı xoşlayan idmançıların yarış yerinə çevrilmişdir. Laza kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.
Ekoloji turizm marşrutu üzrə Qusar şəhərindən Laza şəlaləsi istiqamətində piyada gedənlər Ənik kəndində düşərgə sala bilərlər. Bu kəndin yaxınlığında 13-cü əsrə aid qala divarlarının qalıqları, qədim məsçid binası yaxşı vəziyyətdə qalmışdır. Laza kəndinin yaxınlığında isə "SUVAR" istirahət bazasında qalmaq olar.
Qusardan SUDUQ kəndi istiqamətində marşrutun uzunluğu 75 km-dir. Şah dağın yamaclarında Həzrə kəndində Azərbaycan SƏFƏVİLƏR dövlətinin banisi ŞAH İSMAİL XƏTAİNİN babası ŞEYX CUNEYDANIN (16-cı əsr) məqbərəsinə tamaşa etmək olar.
Bütün Azərbaycan torpağı kimi Qusar torpağında da bu xalqın qədim mədəniyyətinin və həyat tərzinin sübutlarını görmək olar. Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, Köhnə Xudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məsçidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunb saxlanmışdır.
Qusar rayonunun inzibati mərkəsi Qusar şəhəri Bakıdan 183 km məsafədə yerləşir. Böyük rus şairi Lermontov vaxtilə bu şəhərdə olmuşdur. İndi burada onun adını daşıyan muzey yaradılmışdır.
Qusarda xalq sənəti növlərinin ən geniş yayılanı xalçaçılıqdır. Həm ev şəraitində həm də şəhərin mərkəzində təşkil elimiş sexdə toxunan xovsuz SUMAX xalçaları daha çox məşhurdur. Respublikada ən böyük xalça dəzgahı bu sexdə quraşdırılmışdır. Həmin dəzgahda 10 nəfərə qədər xalçaçı eyni vaxta işləyə bilər.
Qusara gələnlər QAYBULAQ, SUVAR istirahət zonalarında həm gecələmək, həm də yaxşıca nahar etmək imkanı əldə edəcəklər.
Yorum ekle